• Təqvim

  • Maraq



İdarə, müəssisə, təşkilat və xidmət sahələrində həftə ərzində müraciət etmiş vətəndaşlar dinlənilib


Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı dövlət məmurlarına nümunə olmaqla yanaşı, həm də ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin prioritet istiqaməti olduğunu göstərir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 19 idarə və müəssisədən 8-nə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 172 nəfər vətəndaş qəbul edilib. Onlardan 109 nəfərin müraciəti müsbət həll olunub, 63 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 7 nəfər vətəndaş müraciət edib. Onlardan 3 nəfər xəstəlik, 1 nəfər əlillik dərəcəsinin təyini, 1 nəfər dərman, 1 nəfər stasionar müalicə, 1 nəfər sənədlə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 6-sı yerində həll edilib, 1-i isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 7 nəfərin müayinə ilə bağlı istəyi müsbət həll edilib. 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 91 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 45 nəfərin istəyi müsbət həll edilib, 46 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 46 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 37 nəfərin istəyi müsbət həll edilib, 9 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına həftə ərzində müraciət etmiş 3 nəfərin internet çəkilişi ilə bağlı istəyi müsbət həllini tapıb.

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 4 nəfərin don vurmuş su sayğacı, 2 nəfərin su xətti və su sayğacı ilə bağlı istəkləri müsbət həll edilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 5 nəfər vətəndaşın işlə təmin olunma, 1 nəfərin məktəb, 1 nəfərin bağça ilə bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb. 

Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 3 nəfər vətəndaşın SMS sayğaca pul yüklənməsi, 1 nəfərin dayağın yerinin dəyişdirilməsi ilə bağlı məktub göndərilməsi barədə müraciətləri təmin edilib. 

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 1 nəfər vətəndaşın subsidiyanın köçməməsi ilə bağlı müraciəti yerində araşdırılaraq səbəbi izah edilib. 

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.

GOYEZEN.AZ



Facebook-da paylaş