Prezident İlham Əliyev: “Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər”
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsindən cəmi 44 gün sonra qalib ölkə kimi ayrılan və adını tarixə yazdıran Azərbaycan dövlətinin gücünü nəinki mənfur düşmən, eləcə də bütün dünya dövlətləri gördü. Qürurverici olan odur ki, qalib ölkə kimi Azərbaycan dövləti dünya dövlətləri arasında bu gün də öz sözünü deyir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara, nailiyyətlərə imza atılır. Artıq hər gün xalqımızın yaddaşına, dövlətimizin tarixinə əlamətdar hadisə kimi yazılır. Qalib ölkənin rəhbəri kimi Prezident İlham Əliyev qonşu dövlətlərə səfərlər edir, dövlət başçıları ilə görüşür, keçirilən beynəlxalq tədbirlərdə iştirak edir.
Cari ilin 2 fevral tarixi Prezident İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanatla yadda qaldı.
Ölkə Prezidenti İlham Əliyev qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıqdan söz açaraq bildirdi ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.
Dövlət başçısı bildirdi ki, Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.
Ölkə rəhbəri qeyd etdi ki, ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir.
Ölkə başçısı vurğuladı ki, energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir.
Ölkə rəhbərinin qeyd etdiyi kimi, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var.
Dövlət başçısının söylədiyi kimi, təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.
Ölkə rəhbəri onu da qeyd etdi ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilmişdir. Azərbaycan qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir.
Dövlət başçısı vurğuladı ki, Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı idi. Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir.
Ölkə Prezidenti çıxışı zamanı əməkdaşlığın nəqliyyat platformasından da söz açdı. Prioritet əməkdaşlıq istiqamətlərindən birinin nəqliyyat sahəsi olduğunu söylədi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar olduğunu diqqətə çatdırdı.
GOYEZEN.AZ
Facebook-da paylaş