• Təqvim

  • Unutma

  • Maraq



Prezident İlham Əliyev: “Türk dünyası böyük bir ailədir”


2020-ci ilin 27 sentyabrında başlayıb, cəmi 44 gün sonra tarixi Qələbə, şanlı Zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Tarixi Qələbə qazanmış Azərbaycan qalib ölkə kimi dünya dövlətləri arasında bu gün də öz sözünü deməkdədir. Artıq hər gün xalqımızın yaddaşına, dövlətimizin tarixinə əlamətdar hadisələrlə yazılır. Qalib ölkənin rəhbəri kimi Prezident İlham Əliyev qonşu dövlətlərə səfərlər edir, dövlət başçıları ilə görüşür, keçirilən beynəlxalq tədbirlərdə iştirak edir. Cari ilin 11 noyabr tarixi də Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirakı və çıxışı ilə yadda qaldı. Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyini, iki ölkə arasında olan münasibətlərin hansı müstəvidə olmasını bir daha nümayiş etdirdi. 

Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, ölkə başçısı son 7 ayda üç dəfə Özbəkistana səfər edib: aprel ayında dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşü və noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır.

Dövlət başçısı çıxışında xarici siyasətin prioritet istiqamətlərini də qeyd etdi. Bildirdi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.


Ölkə başçısı çıxışında vurğuladı ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.

Ölkə Prezidenti İlham Əliyevin də söylədiyi kimi, türk dünyası böyük bir ailədir. Türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Ölkə başçısı çıxışında onu da vurğuladı ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Dövlət başçısı çıxışında gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanının olmamasından da söz açdı. Ölkə rəhbəri qeyd etdi ki, əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır.

Ölkə başçısı Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdiyini də vurğuladı. Bildirdi ki, biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.


Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. İki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu. Dövlət başçısının söylədiyi kimi, bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi.

Ölkə başçısı çıxışında otuzillik işğalın bitsə də, onun ağır fəsadlarının hələ də qaldığını qeyd etdi. Vurğuladı ki, Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.

Ölkə rəhbərinin də söylədiyi kimi, Ermənistan işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.

Dövlət başçısının çıxışında Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin apardığı da diqqətə çatdırılıb. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər.

Ölkə rəhbərinin çıxışında Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürü də əks olunub. Qeyd olunub ki, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcək, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaqdır.


Dövlət başçısının da qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu. Ən əsası da Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu iddialar əsassızdır. Azərbaycan ordusu öz torpaqlarında vuruşub və Ermənistan ordusunu məğlub edib. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Qarabağ münaqişəsi tarixdə qaldı. Oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq.

GOYEZEN.AZ



Facebook-da paylaş