• Təqvim

  • Unutma

  • Maraq



Prezident İlham Əliyev: “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq”

2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində şanlı Qələbə, tarixi Zəfər qazanmış Azərbaycan qalib ölkə kimi dünya dövlətləri arasında bu gün də öz sözünü deməkdədir. Artıq hər gün xalqımızın yaddaşına, dövlətimizin tarixinə əlamətdar hadisələrlə yazılır. Qalib ölkənin rəhbəri kimi Prezident İlham Əliyev qonşu dövlətlərə səfərlər edir, dövlət başçıları ilə görüşür, keçirilən beynəlxalq tədbirlərdə iştirak edir. Cari ilin 11 oktyabr tarixi də Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri ilə yadda qaldı.

Prezident İlham Əliyevin Bişkekdə mətbuata verdiyi bəyanatında səslənən fikirlər iki ölkə arasında olan münasibətlərin hansı müstəvidə olmasını bir daha nümayiş etdirdi. Əminliklə deyə bilərik ki, iki ölkə arasında olan əməkdaşlıq nəticələrə hədəflənmiş əməkdaşlıqdır. İki ölkə arasındakı əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçir.

Ölkə Prezidentinin bəyanatında qeyd etdiyi kimi, Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.

Dövlət başçısının səsləndirdiyi kimi, yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunub.

Effektiv əməkdaşlığın konkret nümunələrinə gəlincə Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq ki, bunun kökündə iki amil dayanır. 

Effektiv əməkdaşlıq amilini qeyd edə bilərik ki, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb.

Ən əsası da bu gün Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. Dövlət başçısının vurğulaığı kimi, Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq.

Prezident İlham Əliyevin Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasındakı çıxışı da önəmli məqamlarla yadda qaldı.

 

Dövlətimizin başçısı vurğuladı ki, bu gün Türk dünyası yeni potensial əldə edir. Həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə Görüşü bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq.

Dövlət başçısı ölkələrin inkişafında humanitar amilin strateji statusu məsələsinə toxunaraq bildirdi ki, biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq.

Bildirdi ki, artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır. Bəyannamə uğurla həyata keçir. Bəyannamə daha konkret məzmunla zənginləşəcək. Birgə İnvestisiya Fondunun yaradılması barədə qərar belə amillərdən biridir.

Dövlət başçısı Azərbaycanın uzun illərdir ki, investor ölkə olduğunu bir daha diqqətə çatdırdı. Qarşılıqlı maraqlara xidmət edən investisiyaların yeni imkanlar yaratdığını söylədi.  

Qeyd etdi ki, biz münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq. Artıq hökumətlərarası komissiyanın iclası Bakıda təşkil olunub və gələn il Bişkekdə keçiriləcək. Dövlətlərarası Şura, hökumətlərarası komissiya – bunlar o mexanizmlərdir ki, bizə həmişə əlimizi nəbzimizdə tutmaq və hədəflərə nail olmaq üçün nə etmək lazım olduğunu görmək imkanı verəcək.


Ölkə başçısı bildirdi ki, artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəlik müəyyən olunub. Azərbaycanda Qırğızıstanın mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılarımıza, dinləyicilərimizə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmağa imkan verəcək.

Ölkə rəhbəri onu da qeyd etdi ki, bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmalıdır. Artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona qədər artacaqdır.

Ölkə başçısı Azərbaycandan çox böyük potensiala malik Şimal-Cənub dəhlizinin də keçdiyini vurğuladı. Qeyd etdi ki, artıq həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək üçün imkanlar var. Burada həyata keçirilən layihələr haqqında informasiya və sinxronlaşdırma ilə bağlı məsələlər çox vacibdir. Çünki regionda infrastruktur layihələri hazır olan zaman biz nəqliyyat potensialımızı genişləndirməyə hazır olmalıyıq ki, investisiyalar daha səmərəli olsun.


İmzalanmış Azərbaycan-Qırğızıstan sənədləri aşağıdakıları əhatə etdi.

  1. “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərar”ı
  2. “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”
  3. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu”
  4. “Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu” 
  5. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırğız Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında qarşılıqlı anlaşma və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandum” 
  6. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Sosial Fond arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol” 
  7. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2025-ci illər üzrə əməkdaşlıq Proqramı”
  8. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”
  9. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş”.

GOYEZEN.AZ



Facebook-da paylaş