Qazaxda əhalinin “Özünüməşğulluq” proqramı uğurla icra olunur
Son illər Azərbaycanda Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, neft sektorundan asılılığın azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və s. sosialyönümlü problemlərin həlli istiqamətində məqsədyönlü işlər həyata keçirilir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar davamlı surətdə yeni iş yerlərinin açılması sahəsində mühüm addımlar atılır.
Ölkə başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə ölkədə dövlət səviyyəsində özünüməşğulluq proqramına başlanılması da bu sahədə mühüm addımların atılmasını şərtləndirir. Əhalinin özünüməşğulluğunun təmin olunması və aztəminatlı ailələrin dövlətdən asılılığının aradan qaldırılması üçün bu layihə olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, özünüməşğulluq proqramının praktik icrası çərçivəsində işsiz və işaxtaran vətəndaşlar üçün təlim kursları təşkil olunur. Onlardan uğurlu biznes planlara malik şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təmin edilir. Bu gün özünüməşğulluq proqramına tələbat kifayət qədər böyükdür.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə həyata keçirilən “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində Qazaxda da məqsədyönlü işlər görülür.
Qazax rayonu üzrə Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi iştirakçısı, əlili, eləcə də aztəminatlı ailə olmaqla, daha 7 nəfər işsiz vətəndaş proqrama cəlb edilərək biznes təlim və qiymətləndirmə prosesindən uğurla keçib.
Layihə çərçivəsində həmin işsiz vətəndaşların hər birinə 2 baş (Simmental/Sviss cinsi) məhsuldar damazlıq heyvan cinsləri və avadanlıqlar (sağım aparatı, ilkin yem ehtiyatı, qaşov, yemqıran) təqdim olunub.
İstər şəhər, istərsə də kəndlərdən olan və özünüməşğulluq layihəsindən yararlanan sakinlər, sadə kəndlilər məşğulluqlarının təmin edilməsi, maddi rifah hallarının yaxşılaşdırılması üçün yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq edirlər. Bu layihəni kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan insanlara, ideyalarını gerçəkləşdirmək istəyən vətəndaşlara olan dəstəyin, qayğının əyani sübutu kimi yüksək qiymətləndirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş