Qazaxda Gəncə Səyyar “ASAN xidmət"in fəaliyyətindən 3249 nəfər yararlanıb
Bu gün heç
kəsə sirr deyil ki, ölkəmizdə vətəndaş amili bütün sahələrdə ön plana çəkilir. Vətəndaşlara
keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN
xidmət” də bunun əyani sübutudur. Qısa müddətdə ölkə əhalisinin böyük inam və
rəğbətini qazanan "ASAN xidmət” bu gün nəinki Azərbaycanda, eləcə də ölkə
hüdudlarından kənarda da kifayət qədər tanınır. Xidmətin başlıca
prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda
belə sakinlərə xidmət göstərilməsidir. Səyyar xidmətin həyata
keçirilməsində əsas məqsəd dövlət
xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim
edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail
olunmasıdır. Hər il olduğu kimi, Qazax
rayon sakinləri "ASAN xidmət”in fəaliyyətindənnövbəti dəfə yararlanıblar. 29 mart-22 aprel 2022-ci
il tarixlərdə
rayonumuzda olan Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri artıq işini başa vurub. 25
gün müddətində texnika ilə təchiz olunmuş xüsusi
avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 107 ünvanında ("Azərpoçt” MMC-nin
və Qazax Telekommunikasiya qovşağının qarşısı) səyyar
şəkildə göstərilən xidmətlərdən nəinki rayon sakinləri, eləcə də qonşu
rayonların sakinləri də razı qalıblar. Avtobus fəaliyyətə başladığı andan son günə
kimi 3381 nəfər vətəndaş müraciət edib. Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri tərəfindən göstərilən xidmətlərdən 3249 nəfər
yararlanıb. Səyyar şəkildə göstərilən
xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət
Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi
tərəfindən təqdim olunub. Bu xidmətlərə ümumvətəndaş
pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi
və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının
təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat
xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tibb xidməti
(qan qrupu, boy və göz rənginin təyini üçün), tərcümə xidməti daxil edilib. Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən
vətəndaşların rahatlığını təmin etmək məqsədilə təşkil olunmuş bu xidməti müraciət
etmiş rayon sakinləri də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə
və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını çatdırıblar. Vətəndaşlara göstərilən
gözəl və nümunəvi xidmətlərinə görə bütün
dünyada bir brendə çevrilən "ASAN
xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab
etdiklərini bildiriblər. Məlumat üçün onu da qeyd
edək ki, Səyyar "ASAN xidmət" avtobusu Qazaxda bu günə
kimi 1-15 iyul 2015-ci il (15 gün), 15
aprel - 4 may 2019-cu il (20 gün), 6 noyabr - 5 dekabr 2019-cu il (30 gün), 5 -
19 oktyabr 2020-ci il (15 gün), 27 may - 25 iyun, 28 oktyabr - 26 noyabr 2021-ci il (30 gün)
tarixlərdə vətəndaşlara xidmət göstərib. GOYEZEN.AZ
Facebook-da paylaş