Əsas Səhifə > Rəsmi > Qazaxda Gəncə Səyyar “ASAN xidmət"in fəaliyyətindən 3249 nəfər yararlanıb
Qazaxda Gəncə Səyyar “ASAN xidmət"in fəaliyyətindən 3249 nəfər yararlanıb23-04-2022, 17:48 |
Bu gün heç kəsə sirr deyil ki, ölkəmizdə vətəndaş amili bütün sahələrdə ön plana çəkilir. Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” də bunun əyani sübutudur. Qısa müddətdə ölkə əhalisinin böyük inam və rəğbətini qazanan "ASAN xidmət” bu gün nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır. Xidmətin başlıca prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda belə sakinlərə xidmət göstərilməsidir. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. Hər il olduğu kimi, Qazax rayon sakinləri "ASAN xidmət”in fəaliyyətindənnövbəti dəfə yararlanıblar. 29 mart-22 aprel 2022-ci il tarixlərdə rayonumuzda olan Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri artıq işini başa vurub. 25 gün müddətində texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 107 ünvanında ("Azərpoçt” MMC-nin və Qazax Telekommunikasiya qovşağının qarşısı) səyyar şəkildə göstərilən xidmətlərdən nəinki rayon sakinləri, eləcə də qonşu rayonların sakinləri də razı qalıblar. Avtobus fəaliyyətə başladığı andan son günə kimi 3381 nəfər vətəndaş müraciət edib. Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri tərəfindən göstərilən xidmətlərdən 3249 nəfər yararlanıb. Səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunub. Bu xidmətlərə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tibb xidməti (qan qrupu, boy və göz rənginin təyini üçün), tərcümə xidməti daxil edilib. Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqsədilə təşkil olunmuş bu xidməti müraciət etmiş rayon sakinləri də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını çatdırıblar. Vətəndaşlara göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən "ASAN xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab etdiklərini bildiriblər. Məlumat üçün onu da qeyd edək ki, Səyyar "ASAN xidmət" avtobusu Qazaxda bu günə kimi 1-15 iyul 2015-ci il (15 gün), 15 aprel - 4 may 2019-cu il (20 gün), 6 noyabr - 5 dekabr 2019-cu il (30 gün), 5 - 19 oktyabr 2020-ci il (15 gün), 27 may - 25 iyun, 28 oktyabr - 26 noyabr 2021-ci il (30 gün) tarixlərdə vətəndaşlara xidmət göstərib. GOYEZEN.AZ Geri qayıt |