Bu gündən Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda vətəndaşların xidmətindədir
Bu gün birmənalı şəkildə deyə bilərik ki, ölkəmizdə
vətəndaş amili bütün sahələrdə ön plana çəkilir. Vətəndaşlara keyfiyyətli və
şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” də
bunun əyani sübutudur. Qısa müddətdə ölkə əhalisinin böyük inam və rəğbətini
qazanan "ASAN xidmət” bu gün nəinki Azərbaycanda, eləcə də ölkə
hüdudlarından kənarda da kifayət qədər tanınır. Xidmətin başlıca prinsiplərindən biri isə
respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda belə sakinlərə
xidmət göstərilməsidir. Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi
dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla
təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna
nail olunmasıdır. Demək olar ki, Qazax rayon sakinləri də mütəmadi
olaraq "ASAN xidmət”in fəaliyyətindən
yararlanırlar. Gəncə Səyyar
"ASAN xidmət”in nümayəndələri növbəti
dəfə 29 mart
2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək texnika ilə təchiz olunmuş xüsusi
avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 107 ünvanında ("Azərpoçt” MMC-nin və Qazax Telekommunikasiya qovşağının qarşısı) əhaliyə səyyar xidmətlər
göstərəcəklər. Səyyar "ASAN xidmət”in qrup rəhbəri
Mehrac Cabbarlının sözlərinə görə 25
gün müddətində səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak
Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunacaq. Bu xidmətlərə ümumvətəndaş pasportlarının
verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və
dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının
təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat
xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tibb xidməti
(qan qrupu, boy və göz rənginin təyini üçün), tərcümə xidməti daxildir. Səyyar "ASAN xidmət" avtobusunda sənəd
qəbulu bazar ertəsi və cümə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi
14:00-dan 15:00-dək) həyata keçiriləcək. Məlumat üçün onu da qeyd edək ki, Səyyar "ASAN xidmət"
avtobusu Qazaxda bu günə kimi 1-15 iyul 2015-ci il (15 gün), 15 aprel - 4 may 2019-cu il (20 gün), 6
noyabr - 5 dekabr 2019-cu il (30 gün), 5 - 19 oktyabr 2020-ci il (15 gün), 27
may - 25 iyun, 28 oktyabr - 26 noyabr 2021-ci il (30 gün) tarixlərdə vətəndaşlara
xidmət göstərib. GOYEZEN.AZ
Facebook-da paylaş