Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda vətəndaşların xidmətindədir
Bu gün ölkəmizdə
vətəndaş amili bütün sahələrdə ön planda tutulur. Vətəndaşlara keyfiyyətli və şəffaflıq
prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” də bunun bariz nümunəsidir.
Qısa müddətdə əhalimizin inamını və rəğbətini qazanan "ASAN xidmət” bu gün ölkə
hüdudlarından kənarda da kifayət qədər tanınır və öyrənilir. Xidmətin başlıca
prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda
belə sakinlərə xidmət göstərilməsidir. Səyyar
xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara
daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın
təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. Qazax rayon sakinləri də
mütəmadi olaraq "ASAN xidmət”in fəaliyyətindən
yararlanır. Məlumat verdiyimiz kimi, Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri 6 noyabr 2019-cu il tarixdən texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri,
Ş.Xiyabanı küçəsi 12 ünvanında (mərkəzi poçtla üzbəüz) əhaliyə səyyar xidmət
göstərməkdədir. 5 dekabr 2019-cu il tarixədək səyyar
şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi,
Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur. Səyyar "ASAN
xidmət”in qrup rəhbəri Mehrac Cabbarlı GOYEZEN.AZ saytına
müsahibəsində bildirib ki, 30 gün müddətində səyyar şəkildə göstərilən bu
xidmətlərə torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət
qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və
ölçüsünün verilməsi, tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət
rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət
qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə)
dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət
hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi,
yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına
alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək
pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi,
şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı və notariat fəaliyyəti daxildir. Səyyar "ASAN xidmət" avtobusunda
sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi
14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və
şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) təşkil
olunur. Qrup rəhbəri qeyd edib
ki, fəaliyyətə başladığı andan bu günə kimi müraciət edən 2073 vətəndaşdan
1816 nəfərə xidmət göstərilib.
Facebook-da paylaş