Revanşizm xülyası Ermənistana növbəti dəmir yumruq vəd edir
Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar. Görülən işlərlə tanışlıqdan sonra dövlətimizin başçısı çıxış edərək bildirib: "Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”.
44 günlük Vətən müharibəsindəki Tarixi Qələbəmizdən xeyli vaxt keçməsinə baxmayaraq Ermənistan hələ də şok vəziyyətindən çıxa bilməyib. İşğalçı ölkənin hakimiyyəti, müxalifəti və cəmiyyəti sözün həqiqi mənasında çaşqınlıq içindədir. Bu ölkədə ən çox şoka düşənlər isə radikal birləşmələr, qruplar və faşist təmayülünə bağlı olanlardır. Azərbaycan Qarabağın işğaldan azad edilməsi məsələsini silah gücü ilə həll etdi, torpaqlarımızı düşməndən geri qaytardı. İndi Ermənistan daxilində olan radikal qruplar yenidən revanşist çıxışlar edir və erməni xalqını intiqama kökləməyə cəhd göstərirlər. Ermənistandakı radikal qruplaşmalar bu yolla Azərbaycandan qisas almaq istəyirlər.
Ermənistanın radikal qüvvələri müharibədən nəticə çıxarmalıdırlar. Onlar bir qarış torpağımızı belə silah gücünə zəbt etmək fikrinə düşsələr, bu dəfə daha ağır zərbə alacaqlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Çünki Azərbaycan Ordusu Qafqazın ən güclü ordularından biri olduğunu 44 günlük müharibədə sübut etdi.
Heç şübhəsiz ki, Ermənistandakı revanşist, qisasçı, faşist qrupların çağırışları populizm və boşboğazlıqdır. Bu, Ermənistan cəmiyyəti və bütün bölgə üçün təhlükəlidir. Revanşistlərin bu cür separatçı çağırışları Ermənistanın dövlət kimi sonunu yaxınlaşdıra və bütövlükdə, bu ölkənin yer üzündən silinməsi ilə nəticələnə bilər. Revanşist qüvvələr erməni xalqının mövcud vəziyyətini düşünməli və öz populist çıxışları ilə onları qisas ruhunda kökləməyi dayandırmalıdırlar. Eyni zamanda, onlar Ermənistanın məğlubiyyəti ilə barışmalıdırlar. Birdəfəlik dərk etməlidirlər ki, faşizmə, radikalizmə həm bizim bölgədə, həm də dünyada yer yoxdur.
Azərbaycan bu gün qalib dövlət kimi işğaldan azad olunmuş ərazilərində irimiqyaslı bərpa-quruculuq işləri ilə məşğuldur. Müharibə başa çatandan sonra regional sülhün möhkəm və davamlı olmasında ən çox səy göstərən ölkə də məhz Azərbaycandır. Lakin Ermənistanda revanşizm xülyalarını bəsləyən, erməni faşizmini dirçəltməyə çalışan qüvvələr hələ də mövcuddur. Qarabağda cərəyan edən hadisələr belə deməyə əsas verir. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə bu məsələyə toxunaraq xalqımızın heç vaxt erməni vəhşiliyini, erməni faşizminin cinayətlərini unutmayacağını bildirib. Dövlət başçımız öz çıxışlarında erməni faşizmini qidalandıran, onları dəstəkləyən qüvvələrə səslənərək qəti şəkildə qeyd edib ki, biz qalib dövlətik və Azərbaycan erməni faşizminin bundan sonra heç vaxt baş qaldırmasına yol verməyəcək.
Prezident İlham Əliyev tərəfindən Gəncədə, Ağdamda təməli qoyulmuş Memorial Kompleksin inşası da məhz erməni faşizminin törətdiyi vəhşiliklərin tarix boyu bəşəriyyətin yaddaşından pozulmaması məqsədinə xidmət edir. Bu yaddaş silinməməlidir və heç kim erməni vəhşiliyini unutmamalıdır. Azərbaycan erməni faşizminin ən kiçik təhdidinə dərhal ağır zərbə ilə cavab verməyə hazırdır və hər an bu hüququndan istifadə edə bilər. Əgər Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilərsə, bu zaman o yerindəcə məhv ediləcəkdir. Revanşizm xülyası Ermənistana növbəti dəmir yumruq vəd edir. Bu o deməkdir ki, erməni radikalları, faşistləri nəinki bir şəhərimizi, kəndimizi, hətta bir metr ərazimizi belə silah gücünə işğal etmək niyyətinə düşsələr, bu dəfə dəmir yumruq onları birdəfəlik məhv edəcəkdir.
Məqaləni Qələbəmizin rəhni olan dəmir yumruğa həsr etdiyim şeirlə tamamlayıram.
DƏMİR YUMRUQ
Tarixi axtar, silkələ,
Tanrıdan gəlib bəlkə də,
Yumruq olmur hər ölkədə,
Elimdədir Dəmir yumruq.
Yay kimi göyə dartıldı,
Dağ oynadı, yer yarıldı,
Düşmənin beli qırıldı,
Bildi, nədir Dəmir yumruq?!
Qabaqlayıb dövrü, vaxtı,
Əzdi neçə namərd, satqın
Şüara dönərək xalqın,
Dilindədir, Dəmir yumruq.
Yağını qovub lap küncə,
Zəfər çaldıq 44 gündə,
Düşmənin başı üstündə,
Belindədir, Dəmir yumruq.
Qoy eşitsin uzaq, yaxın
Yazıb uca yerdən asın,
Yağı düşmən unutmasın,
Yerindədir Dəmir yumruq.
Elçin İSMAYIL,
"Göyəzən” qəzetinin baş redaktoru,
"Tərəqqi” medalı və "Qızıl qələm” mükafatı laureatı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Facebook-da paylaş