Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı
kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış
abidəni ziyarət ediblər. Prezident İlham Əliyev Xocalı soyqırımı
abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad
etdi. Birinci xanım Mehriban Əliyeva abidənin
önünə gül dəstəsi qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi. X X X Xocalı soyqırımından 29 il ötür. 1992-ci
il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun
Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini
yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi
növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70
qoca dünyasını dəyişdi. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə
hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi,
25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi. Xocalı faciəsi təcavüzkar erməni
millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə
siyasətinin qanlı səhifəsidir. Azərbaycan dövləti ötən illər ərzində erməni
millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı
soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun
soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Faciə ilə bağlı
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə
tədbirlər reallaşdırılır. İndiyə qədər 10-dan çox ölkə və İslam Əməkdaşlıq
Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Xocalı soyqırımını törətməkdə düşmənin
məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha
da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə
qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. 2020-ci ildə baş
verən Vətən müharibəsində müstəqilliyin övladları 30 il işğal altında qalan
torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, "dəmir yumruq” qalib gəldi.
44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da
qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi
bütövlüyünü bərpa etdi, Vətən bütövləşdi. Bununla da xalq öz rəhbərinin
ətrafında yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu.
Facebook-da paylaş