Payız-qış mövsümündə yanğın təhlükəsizliyi qaydalarına diqqət artırılmalıdır
Yanğınların statistikası göstərir
ki, payız-qış mövsümündə havaların soyuması, insanların istilik sisteminə
tələbatlarının yaranması və bu məqsədlə elektrik və qaz təsərrüfatından daha
çox istifadə etməsi nəticəsində yanğınların sayı yaz-yay dövrü ilə müqayisədə
artır. Dünyanın hər yerində
olduğu kimi, respublikamızda da payız-qış mövsümündə bu artım qeydə alınır və
yanğınların çox hissəsi yaşayış sektorunun payına düşür. Çox təəssüf ki, bu
hadisələrin qarşısını hələ tamamilə almaq mümkün deyil. Ancaq
yanğınların sayını minimuma endirmək, hadisə zamanı insan itkisinin qarşısını
almaq mümkündür və Dövlət Yanğın Nəzarəti Xidmətinin qarşısında duran əsas
vəzifə budur. Dövlət
Yanğın Nəzarəti Xidməti hər il payız-qış mövsümünün başlanması ilə
əlaqədar müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirir. Baş verən ən faciəli yanğın hadisəsi insan tələfatı
ilə nəticələnən yanğınlardır və təbii ki, bu da mənzillərdə baş verən yanğınlar
zamanı qeydə alınır. Mütəmadi olaraq əhali arasında təbliğat xarakterli
söhbətlər aparılsa da, kütləvi informasiya və təşviqat vasitələrindən istifadə
edərək maarifləndirmə işləri görülsə də vətəndaşlarımız eyni səhvləri yenidən
buraxır, beləliklə də yeni-yeni yanğınlara, digər fəlakətlərə yol açırlar.
Nəticədə isə ağır xəsarətlərlə xəstəxanaya düşür və ya həyatlarını itirirlər.
Odur ki, hündürmərtəbəli binalara, yaşayış evlərinə baxışların keçirilməsi,
əhali arasında yanğın-texniki biliyin artırılması məqsədilə təbliğat xarakterli
işlərin görülməsi vacibdir və bu məsələ daimi olaraq müəssisə rəhbərlərinin
diqqətində olmalı, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti
Xidmətinin əməkdaşları tərəfindən verilmiş göstəriş və tövsiyələrin icrası ilə
bağlı müvafiq tədbirlər görməlidirlər. Payız-qış mövsümünün başlanması ilə əlaqədar hər il
Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları mənzillərdə baş verən yanğınların
və insan tələfatının qarşısını almaq məqsədilə ərazi və regionlarda yanğın
təhlükəsizliyinin artırılması ilə bağlı təbliğat xarakterli tədbirlər həyata
keçirirlər. Yanğınların təhlilinin nəticəsi göstərir ki,
mənzillərdə yanğınların baş verməsinin əsas səbəbi elektrik və qaz cihaz və
qurğularının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi
qaydalarının pozulması, odla və qaynaq vasitəsilə işlər görülərkən
ehtiyatsızlıq, uşaqların odla dəcəlliyi və s. olmuşdur. Ona görə də
respublika ərazisində payız-qış mövsümü ilə əlaqədar havaların soyumasını
nəzərə alaraq, yanğınların baş verməsinə şərait yaradan amillərin aradan
qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin gücləndirilməsi məqsədilə
yaşayış binalarındakı mənzillərdə sakinlər arasında maarifləndirmə işləri
aparılmış, işıqlandırmaq üçün açıq alovdan, yəni şam və məşəldən istifadə
edilməsinin, sobanın üzərində və yanında paltar qurudulmasının, kustar üsulla
düzəldilmiş elektrik avadanlıqlarından və cihazlarından istifadənin, bacaların
yaxınlığındakı çardaqlarda tez alışan əşya və məişət qaz balonlarının
saxlanılmasının, nasaz qaz cihazlarının istismarının, uşaqların odla
dəcəlliyinin real yanğın təhlükəsi yaratdığı əhalinin nəzərinə çatdırılmışdır.
Eyni zamanda bu məqsədlə sakinlərə Xidmət tərəfindən hazırlanmış "Vətəndaşların
nəzərinə” adlı yaddaş vərəqələrinin paylanması, binaların lift kabinələrinə
"Mənzildə yanğın zamanı davranış qaydaları”, "Dəm qazı təhlükəsindən qorunma
qaydası” adlı stikerlər yerləşdirilməsi təmin edilmişdir. Bu
işə mənzil-kommunal istismar sahələrinin, qaz və elektrik enerjisinin istismarı
idarələrinin, rayon bələdiyyə və icra hakimiyyətlərinin nümayəndələri də cəlb
edilmişdir. Son zamanlar qaz cihazlarının
istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə
alınmaqdadır. Müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik
qaydalarına riayət etməməsi səbəbindən baş verir. Dəm qazından zəhərlənmə halı
yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda
avtomobil mühərriki işlədikdə baş verir. Mənzillərdə isə dəm qazından
zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya
hamam otağında baş verir. Qaz cihazlarından təlimata uyğun düzgün istifadə
edilməməsi səbəbindən isə insan itkisi və xəsarət alması ilə nəticələnən
partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələr də baş verir. Bu
cür fövqəladə halların baş verməməsi üçün yaşayış sahələrində standartlara
uyğun olmayan qaz cihazlarından istifadə etmək qadağandır. Hər bir məişət
qaz cihazının təhlükəsizlik qurğuları daim saz vəziyyətdə olmalı və onlardan
istifadə zamanı müəyyən edilmiş təhlükəsizlik qaydalarına tam riayət
edilməlidir! Əhali ilə görüşlərdə yanğına qarşı
təbliğat apararkən onların nəzərinə çatdırılmalıdır ki, yaşayış
binalarının bloklarında və mərtəbələrində quraşdırılmış paylayıcı elektrik
lövhələrinin saz vəziyyətdə olmasına, "Elektrik qurğularının quraşdırılması
qaydaları” və "Yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinə uyğun olaraq
istismar edilməsinə, elektrik lövhələrində yalnız standarta uyğun elektrik
qoruyucularından istifadə olunmasına diqqət yetirilməlidir. Həmçinin
çardaqların daim təmiz saxlanılması, taxta konstruktiv elementlərinin
odadavamlı məhlulla hopdurulması, mövcud pəncərələrin şüşələnməsi, çardağa
çıxış qapılarının, eləcə də yanğına qarşı divarlarda və ventilyasiya kameralarında
quraşdırılmış qapıların bağlı və kip vəziyyətdə olması təmin edilməlidir. Yaşayış binalarının zirzəmiləri
daim təmiz saxlanılmalı, giriş qapıları bağlı vəziyyətdə olmalı və açarlar
birinci mərtəbədə yerləşən mənzillərdən birində və yaxud komendatda olmalıdır. Binaların
birinci mərtəbəsində və zirzəmisində fəaliyyət göstərən obyektlərdə qaz
cihazlarından istifadəyə yol verilməməlidir. Yaşayış binalarının birinci
mərtəbəsində layihə üzrə nəzərdə tutulmuş yanğın keçidlərinin açıq vəziyyətdə
saxlanılmasına, başqa məqsədlər üçün istifadə edilməməsinə daim diqqət
yetirilməlidir. Keçidlərin müəyyən təşkilat və idarələr, sakinlər tərəfindən tutulmasına
imkan verilməməlidir. Yaşayış evlərində elektrik və qaz cihazlarının
təhlükəsiz istifadə olunmasına, tüstü boru və bacalarının düzgün
quraşdırılmasına, təmizlənməsinə fikir verilməlidir. Yaşayış binalarının
birinci mərtəbəsində, zirzəmisində tezalışan və yanar mayelərin saxlanılması,
istənilən müəssisələrin, emalatxanaların və digər obyektlərin fəaliyyət
göstərməsi, pilləkən qəfəslərində və dəhlizlərdə əl damlarının yaradılması,
eləcə də pilləkən marşları altında və onların meydançalarında ev əşyalarının
yığılması qadağandır. Hündürmərtəbəli yaşayış binalarının mərtəbələrində
yanğına qarşı daxili yanğın su kranlarını şlanqlarla, birləşdirici başlıq və
lülələrlə təchizini, su təzyiqini qaldırmaq üçün nəzərdə tutulmuş
nasosxanaların, avtomatik yanğınxəbərverici siqnalizasiya sisteminin,
tüstüqovucu və ventillyasiya sistemlərinin işlək vəziyyətdə olması təmin
edilməlidir. FHN DYNX-nin Yanğına Qarşı Təbliğat
Şöbəsi
Qəsəbə və kənd yaşayış məntəqələrində, fərdi həyətyanı sahələrdə də quru
otların daşınması, yığılması, sobalardan istifadə zamanı yanğın təhlükəsizliyi
qaydalarına ciddi riayət olunmasına da ciddi diqqət yetirilməlidir. Bütün
bunlar isə əlbəttə ki, mənzillərdə, fərdi yaşayış sahələrində yanğınların baş
verməməsinə və hadisə zamanı insan itkisinin qarşısının alınmasına xidmət edir.
Facebook-da paylaş