Payız-qış mövsümündə yanğın təhlükəsizliyi qaydalarına diqqət artırılmalıdır
Yanğınların statistikası göstərir ki,
payız-qış mövsümündə havaların soyuması, insanların istilik sisteminə
tələbatlarının yaranması və bu məqsədlə elektrik və qaz təsərrüfatından daha
çox istifadə etməsi nəticəsində yanğınların sayı yaz-yay dövrü ilə müqayisədə
artır. Dünyanın hər yerində olduğu kimi, respublikamızda da payız-qış
mövsümündə bu artım qeydə alınır və yanğınların çox hissəsi yaşayış sektorunun
payına düşür. Çox təəssüf ki, bu hadisələrin qarşısını hələ tamamilə
almaq mümkün deyil. Ancaq yanğınların sayını minimuma endirmək, hadisə zamanı
insan itkisinin qarşısını almaq mümkündür və Dövlət Yanğın Nəzarəti Xidmətinin
qarşısında duran əsas vəzifə budur. Dövlət Yanğın Nəzarəti Xidməti hər
il payız-qış mövsümünün başlanması ilə əlaqədar müxtəlif qabaqlayıcı tədbirlər həyata
keçirir. Baş verən ən faciəli yanğın hadisəsi
insan tələfatı ilə nəticələnən yanğınlardır və təbii ki, bu da mənzillərdə baş
verən yanğınlar zamanı qeydə alınır. Mütəmadi olaraq əhali arasında təbliğat
xarakterli söhbətlər aparılsa da, kütləvi informasiya və təşviqat
vasitələrindən istifadə edərək maarifləndirmə işləri görülsə də vətəndaşlarımız
eyni səhvləri yenidən buraxır, beləliklə də yeni-yeni yanğınlara, digər
fəlakətlərə yol açırlar. Nəticədə isə ağır xəsarətlərlə xəstəxanaya düşür və ya
həyatlarını itirirlər. Odur ki, hündürmərtəbəli binalara, yaşayış evlərinə
baxışların keçirilməsi, əhali arasında yanğın-texniki biliyin artırılması
məqsədilə təbliğat xarakterli işlərin görülməsi vacibdir və bu məsələ daimi
olaraq müəssisə rəhbərlərinin diqqətində olmalı, Fövqəladə Hallar
Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən
verilmiş göstəriş və tövsiyələrin icrası ilə bağlı müvafiq tədbirlər
görməlidirlər. Payız-qış mövsümünün başlanması ilə
əlaqədar hər il Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları mənzillərdə baş
verən yanğınların və insan tələfatının qarşısını almaq məqsədilə ərazi və
regionlarda yanğın təhlükəsizliyinin artırılması ilə bağlı təbliğat xarakterli
tədbirlər həyata keçirirlər. Yanğınların təhlilinin nəticəsi
göstərir ki, mənzillərdə yanğınların baş verməsinin əsas səbəbi elektrik və qaz
cihaz və qurğularının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi
qaydalarının pozulması, odla və qaynaq vasitəsilə işlər görülərkən ehtiyatsızlıq,
uşaqların odla dəcəlliyi və s. olmuşdur. Ona görə də respublika
ərazisində payız-qış mövsümü ilə əlaqədar havaların soyumasını nəzərə
alaraq, yanğınların baş verməsinə şərait yaradan amillərin aradan qaldırılması
istiqamətində qabaqlayıcı tədbirlərin gücləndirilməsi məqsədilə yaşayış
binalarındakı mənzillərdə sakinlər arasında maarifləndirmə işləri aparılmış,
işıqlandırmaq üçün açıq alovdan, yəni şam və məşəldən istifadə edilməsinin,
sobanın üzərində və yanında paltar qurudulmasının, kustar üsulla düzəldilmiş
elektrik avadanlıqlarından və cihazlarından istifadənin, bacaların
yaxınlığındakı çardaqlarda tez alışan əşya və məişət qaz balonlarının
saxlanılmasının, nasaz qaz cihazlarının istismarının, uşaqların odla
dəcəlliyinin real yanğın təhlükəsi yaratdığı əhalinin nəzərinə çatdırılmışdır.
Eyni zamanda bu məqsədlə sakinlərə Xidmət tərəfindən hazırlanmış "Vətəndaşların
nəzərinə” adlı yaddaş vərəqələrinin paylanması, binaların lift kabinələrinə
"Mənzildə yanğın zamanı davranış qaydaları”, "Dəm qazı təhlükəsindən qorunma
qaydası” adlı stikerlər yerləşdirilməsi təmin edilmişdir. Bu işə
mənzil-kommunal istismar sahələrinin, qaz və elektrik enerjisinin istismarı
idarələrinin, rayon bələdiyyə və icra hakimiyyətlərinin nümayəndələri də cəlb
edilmişdir. Son zamanlar qaz cihazlarının
istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə
alınmaqdadır. Müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti vətəndaşların
təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir. Dəm qazından
zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda,
qapalı məkanda avtomobil mühərriki işlədikdə baş verir. Mənzillərdə isə dəm
qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla
qızdırarkən və ya hamam otağında baş verir. Qaz cihazlarından təlimata uyğun
düzgün istifadə edilməməsi səbəbindən isə insan itkisi və xəsarət alması ilə
nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələr də baş verir.
Bu cür fövqəladə halların baş verməməsi üçün yaşayış sahələrində standartlara
uyğun olmayan qaz cihazlarından istifadə etmək qadağandır. Hər bir məişət
qaz cihazının təhlükəsizlik qurğuları daim saz vəziyyətdə olmalı və onlardan
istifadə zamanı müəyyən edilmiş təhlükəsizlik qaydalarına tam riayət
edilməlidir! Əhali ilə görüşlərdə yanğına qarşı
təbliğat apararkən onların nəzərinə çatdırılmalıdır ki, yaşayış
binalarının bloklarında və mərtəbələrində quraşdırılmış paylayıcı elektrik
lövhələrinin saz vəziyyətdə olmasına, "Elektrik qurğularının quraşdırılması
qaydaları” və "Yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinə uyğun olaraq
istismar edilməsinə, elektrik lövhələrində yalnız standarta uyğun elektrik
qoruyucularından istifadə olunmasına diqqət yetirilməlidir. Həmçinin
çardaqların daim təmiz saxlanılması, taxta konstruktiv elementlərinin
odadavamlı məhlulla hopdurulması, mövcud pəncərələrin şüşələnməsi, çardağa
çıxış qapılarının, eləcə də yanğına qarşı divarlarda və ventilyasiya
kameralarında quraşdırılmış qapıların bağlı və kip vəziyyətdə olması
təmin edilməlidir. Yaşayış binalarının zirzəmiləri daim təmiz saxlanılmalı,
giriş qapıları bağlı vəziyyətdə olmalı və açarlar birinci mərtəbədə yerləşən
mənzillərdən birində və yaxud komendatda olmalıdır. Binaların birinci
mərtəbəsində və zirzəmisində fəaliyyət göstərən obyektlərdə qaz cihazlarından
istifadəyə yol verilməməlidir. Yaşayış binalarının birinci
mərtəbəsində layihə üzrə nəzərdə tutulmuş yanğın keçidlərinin açıq vəziyyətdə
saxlanılmasına, başqa məqsədlər üçün istifadə edilməməsinə daim diqqət
yetirilməlidir. Keçidlərin müəyyən təşkilat və idarələr, sakinlər tərəfindən
tutulmasına imkan verilməməlidir. Yaşayış evlərində elektrik və qaz
cihazlarının təhlükəsiz istifadə olunmasına, tüstü boru və bacalarının düzgün
quraşdırılmasına, təmizlənməsinə fikir verilməlidir. Yaşayış binalarının
birinci mərtəbəsində, zirzəmisində tezalışan və yanar mayelərin saxlanılması,
istənilən müəssisələrin, emalatxanaların və digər obyektlərin fəaliyyət
göstərməsi, pilləkən qəfəslərində və dəhlizlərdə əl damlarının yaradılması,
eləcə də pilləkən marşları altında və onların meydançalarında ev əşyalarının
yığılması qadağandır. Hündürmərtəbəli yaşayış binalarının
mərtəbələrində yanğına qarşı daxili yanğın su kranlarını şlanqlarla,
birləşdirici başlıq və lülələrlə təchizini, su təzyiqini qaldırmaq üçün nəzərdə
tutulmuş nasosxanaların, avtomatik
yanğınxəbərverici siqnalizasiya sisteminin, tüstüqovucu və ventillyasiya
sistemlərinin işlək vəziyyətdə olması təmin edilməlidir. Qəsəbə və kənd yaşayış
məntəqələrində, fərdi həyətyanı sahələrdə də quru otların daşınması, yığılması,
sobalardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət
olunmasına da ciddi diqqət yetirilməlidir. Bütün bunlar isə əlbəttə ki,
mənzillərdə, fərdi yaşayış sahələrində yanğınların baş verməməsinə və hadisə
zamanı insan itkisinin qarşısının alınmasına xidmət edir. FHN DYNX-nin Yanğına Qarşı Təbliğat
Şöbəsi
Facebook-da paylaş