Zibilxanaların, kol-kosun yandırılmasının qarşısı alınmalıdır!
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar xəttinə
hardasa zibilliklərin, kol-kosun yanması ilə bağlı hər gün məlumat daxil olur.
Yaşayış evlərində, iri ticarət müəssisələrində, zavodlarda və digər böyük
obyektlərdə baş verən yanğınlar insanları həyəcanlandırdığı
halda, zibilliklərin, kol-kosun yanması çoxlarına əhəmiyyətsiz görünür. Əslində isə hər bir yanğın fövqəladə hadisədir. Yanğının
böyüyü, kiçiyi yoxdur. Çünki çox vaxt böyük yanğınlar kiçik yanğınlardan
törəyir. Əgər yol kənarında kol-kos yanaraq meşəyə keçirsə və yüzlərlə hektar
meşə sahəsi məhv olursa, yaxud biçilmiş, məhsulu yığılmış taxıl sahəsi
yandırılırsa və bu yanğın ot tayasına, evə keçirsə və ekologiyaya ziyan
dəyirsə, buna əhəmiyyətsiz yanğın demək olmaz. Fövqəladə Hallar Nazirliyində "112”
qaynar xəttinə daxil olan hər bir məlumata, o cümlədən yanğın hadisəsinə
fövqəladə hadisə kimi çox önəm verilir. Yanğın haqqında məlumat daxil olan kimi dərhal Dövlət Yanğından
Mühafizə Xidmətinin hadisəyə ən yaxın məsafədə yerləşən yanğın hissəsi
məlumatlandırılır. Həyəcan
siqnalını hər saniyə hazır vəziyyətdə gözləyən əməkdaşlar heç bir dəqiqə
keçməmiş hadisə yerinə yollanırlar. Yanğının həcmi kiçik olsa da vaxt itirilir,
əmək, yanacaq sərf olunur, dövlət vəsaiti xərclənir. Biz hələ hər yanğından
sonra yanğın avtomobilinin yenidən su ilə doldurulmasını, yuyulub
təmizlənməsini, yanğın şlanqlarının qurudulmasına sərf olunan yanğınsöndürən
əməyini demirik. Axı onlar bu enerjini, əməyi insanların səhlənkarlığı,
bəzən də qəsdən yandırdığı zibilliklərin, qurumuş kol-kosun, biçilmiş taxıl
sahələrinin söndürülməsinə deyil, digər baş verən yanğınların söndürülməsinə
sərf edə bilərlər. Göründüyü kimi, məişət tullantılarının, qurumuş
kol-kosun, biçilmiş taxıl sahələrinin yandırılması yolverilməzdir və bu kimi
yanğınlar ya onun törədəcəyi fəsadları bilməməzlikdən, yaxud da bilərəkdən
törədilir. Əkin sahələrinin yandırılması, həmçinin nəticə etibarı
ilə kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının
korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına
gətirir. Həmçinin, əkin sahələrinin, qurumuş kol-kosun yandırılması yaxınlıqda
yerləşən digər sahələrdə, yaşayış məntəqələrində və meşə ərazilərində yanğın
təhlükəsi yaratmaqla yanaşı, mühəndis kommunikasiya sistemlərinin sıradan
çıxmasına səbəb olur. O cümlədən mazut gölməçələrinin də yandırılması
ekologiyanın çirklənməsinə, insanların sağlamlığına təsir edir. Odur ki, əhali
və yerli özünüidarəetmə orqanları arasında bu istiqamətdə mütəmadi qaydada
maarifləndirmə və təbliğat işlərinin aparılmalı, bu cür yanğınların qarşısı
alınmalıdır. FHN DYNX-nin Gəncə Regional DYNİ
Facebook-da paylaş