• Təqvim

  • Unutma

  • Maraq



Qazaxın Çaylı kəndində vətəndaşların qaldırdığı məsələ qısa bir vaxtda öz müsbət həllini tapıb

Heç kəsə sirr deyil ki, son illər ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında vətəndaşa olan qayğı və diqqət dövlətimizin prioritetidir. Ölkəmizdə vətəndaşlarla bağlı uğurla aparılan dövlət siyasəti və görülən işlər də bir daha təsdiq edir ki, dövlət hər zaman öz vətəndaşının yanındadır. Atılan hər bir addımın, həyata keçirilən layihələrin, görülən bütün işlərin vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına yönəldilməsi, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapması, ən əsası da vətəndaş məmnunluğunun əsas götürülməsi dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr də məhz bu məqsədi daşıyır.

Hər kəsə o da yaxşı məlumdur ki, ölkə rəhbərinin vətəndaşlara olan sonsuz diqqət və qayğısı Qazaxda da daim hiss olunur. Vətəndaş amili rayon rəhbərliyinin iş fəaliyyətinin əsasını təşkil edir. Bunu sakinlərə olan səmimi münasibətindən, vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, vətəndaşların müraciətinə operativ şəkildə cavab verilməsindən, yaşadıqları ünvandan asılı olmayaraq yerində baxış keçirilməsindən, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsindən aydın şəkildə görmək olur. Vətəndaşlara olan diqqət və qayğı sayəsində bu gün hər bir qazaxlı Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağını bilir.

Yeni ilin ilk iş günündə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Çaylı kəndində bir qrup vətəndaşın müraciətinə yerində baxması, qaldırılan məsələnin müsbət həllini tapması istiqamətində aidiyyəti üzrə tapşırıq verməsi vətəndaşlara olan qayğının bariz nümunəsidir.

Məlumat üçün qeyd edək ki, edilən müraciət artıq öz müsbət həllini tapıb. Belə ki, rayon rəhbərliyinin tapşırığına əsasən Çaylı kəndində 11 ailənin yaşadığı məhəllədə həmin ailələrin su problemi aradan qaldırılıb. Məhəlləyə yaxın ərazidə yerləşən subartezian quyusundan diametri 32 mm olan plastik boru vasitəsilə 450 metr uzunluğunda su xətti çəkilib. Vətəndaşların gün ərzində sudan növbəli şəkildə istifadə etməsi təmin edilib.

Vətəndaşlar onlara göstərilən diqqətə, qayğıya görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onların müraciətinə belə həssaslıqla yanaşıldığına görə rayon rəhbərinə razılıqlarını ifadə ediblər.

GOYEZEN.AZ



Facebook-da paylaş