• Təqvim

  • Unutma

  • Maraq



Payızda təkcə cücələri saymırlar

Qazax kəndlisinin bu günlər hesabını apardığı məhsul çeşidi çoxdur


Adətən üçüncü rüb başa çatanda ilin necə yekunlaşacağı barədə fikir söyləmək mümkündür. Çünki ilboyu görülmüş işlərin nəticələri aşağı-yuxarı bu aylarda məlum olur. Bu baxımdan ötən 9 ay ərzində Qazax rayonunda əldə edilən rəqəmlərə nəzər salanda rayon sakinlərinin ilboyu necə işlədikləri barədə müəyyən təəssürat yaranır.
Rayonda 2022-ci ilin məhsulu üçün 11364,2 hektarda taxıl toxumu səpilmişdir ki, onun da 4876,6 hektarı buğda, 6487,6 hektarı arpa sahələri olmuşdur. Bundan başqa, 1270 hektarda kartof, 90 hektarda vələmir, 474 hektarda qarğıdalı, 71 hektarda sorqo, 16 hektarda noxud, 180 hektarda lobya, 4782 hektarda yonca, 44 hektarda günəbaxan, 20 hektarda sarımsaq, 27 hektarda soğan, 126 hektarda xiyar, 222 hektarda pomidor və s. əkilmişdir. Gərgin əmək sayəsində 20802,4 ton arpa (hər hektardan 32,1 sentner), 18774,9 ton buğda (hər hektardan 38,5 sentner) biçilmişdir. Qeyd etdiyimiz digər bitki məhsulları istehsalında da artım qeydə alınmışdır.

Məlum olduğu kimi, Prezidentin 2019-cu il 27 iyun tarixli fərmanı ilə kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmasının yeni qaydaları təsdiq edilmişdir. Bu qaydalara əsasən, rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları subsidiya almaq üçün "Elektron kənd təsərrüfatı informasiya sistemi"ndə (EKTİS) qeydiyyatdan keçərək öz əkinlərini bəyan etmişlər. Nəticədə ilin 9 ayı ərzində  EKTİS-də rayonun 8940 fermeri tərəfindən 16000 hektar əkin sahəsi barədə qeydiyyat aparılmış və 2 milyon 907 min 848 manat subsidiya ödənilmişdir. Hazırda yazlıq və çoxillik əkinlərə görə subsidiya ödənişi davam edir.

İqtisadi cəhətdən gəlirli olan baramaçılığın inkişafına rayonda diqqətlə yanaşılır. Artıq 7 ilə yaxındır ki, qazaxlılar bu sahə ilə daha ciddi məşğul olurlar.  Əvvəlki illərdə olduğu kimi, cari ildə də rayon kümçüləri yüksək göstərici əldə etmişlər. 21 kümçü 75 qutu ipəkqurdu toxumu götürərək 3159 kiloqram yaş barama təhvil vermişdir. 

Son illər rayonda arıçılığın inkişafına maraq xeyli artmışdır. Bu ilin aprel ayında rayonda 607 nəfərə məxsus 10131 arı ailəsi subsidiya üçün EKTİS-də qeydiyyatdan keçirilmişdir ki, bu da ötən illə müqayisədə 70 nəfər arıçının və 1515 arı ailəsinin artması deməkdir.
Cari ilin ötən dövrü ərzində rayonda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülmüşdür. Xüsusilə iribaşlı heyvanlarda süni mayalanma aparılmasına xüsusi diqqət yetirilmişdir. Təkcə cari  ilin 9 ayı ərzində 227 baş heyvanda süni mayalanma aparılmış, 104 baş sağlam bala alınmışdır. Hər bir sağlam buzova görə 100 manat olmaqla, heyvandarlara 10400 manat subsidiya ödənilmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan" qəzetinin bölgə müxbiri,

22 oktyabr 2022-ci il




Facebook-da paylaş