Qəhrəmanlar unudulmur
Respublika mətbuatı Qazax haqqında Vətən müharibəsindən qalib ayrılan igid əsgər və
zabitlərimiz, qanını Vətən torpağına qarışdıran şəhidlərimiz, sağlamlığını
itirən qazilərimiz göstərdikləri şücaətlə dövlətimizin, ordumuzun gücünü,
qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər. Azərbaycanın hərb tarixinə qızıl
hərflərlə yazılan Qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan biri
də 30 yaşında şəhidlik zirvəsinə yüksələn əsgər Məmmədov Tural Elxan oğludur. Döyüş meydanında göstərdiyi igidliyə
görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına
əsasən "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə",
"Cəsur döyüşçü" medalları ilə təltif olunmuş Tural Məmmədovun
uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür. Vətən uğrunda Şəhidlik zirvəsinə
ucalmış igid Vətən oğlunun ata ocağında ildönümü qeyd olunub, şəhidimizin
ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. İldönümü mərasimində Qazax Rayon
İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə,
müəssisə və təşkilatların rəhbərləri, "Azərbaycan Qarabağ Müharibəsi
Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi"nin Qazax rayon
filialının, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax
rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları,
şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Vətən müharibəsində qazandığımız tarixi Qələbədə, 8
noyabrda qeyd etdiyimiz şanlı Zəfərdə payı olan Tural kimi oğullarımızla hər
birimizin fəxr etdiyini, qürur duyduğunu bildirib. İllər ötsə belə Azərbaycan
xalqının tarixi Qələbənin müəllifi olan Ali Baş Komandanı, hərbçilərimizi,
şəhidlərimizi, qazilərimizi heç zaman unutmayacağını qeyd edib. "Nə qədər
xalqımız, dövlətimiz var, Vətən uğrunda canından keçən şəhidlərimiz daim
xatırlanacaq, fəxrlə, qürurla yad olunacaq. Onların xatirəsini uca tutmaq,
adını yaşatmaq hər birimizin borcudur", - deyən icra başçısı Vətən
müharibəsində canlarını torpaq üçün fəda edən bütün şəhidlərimiz kimi, Tural
Məmmədovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını
vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə,
qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra
başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid atası Elxan Məmmədov şəhid ailələrinə göstərilən diqqət və
qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya minnətdarlığını bildirib. Turalın xatirəsinin əziz
tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını onun timsalında
bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi
qiymətləndirib.
Vəli VƏLİYEV,
"Respublika" qəzetinin bölgə müxbiri
14 dekabr 2021-ci il
Facebook-da paylaş