Əsas Səhifə > Qazax respublika mətbuatında > Qəhrəmanlar unudulmur

Qəhrəmanlar unudulmur


14-12-2021, 23:53

Respublika mətbuatı Qazax haqqında


Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimiz, qanını Vətən torpağına qarışdıran şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz göstərdikləri şücaətlə dövlətimizin, ordumuzun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan biri də 30 yaşında şəhidlik zirvəsinə yüksələn əsgər Məmmədov Tural Elxan oğludur.

Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuş Tural Məmmədovun uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür.

Vətən uğrunda Şəhidlik zirvəsinə ucalmış igid Vətən oğlunun ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib.

İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi"nin Qazax rayon filialının, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları iştirak ediblər.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsində qazandığımız tarixi Qələbədə, 8 noyabrda qeyd etdiyimiz şanlı Zəfərdə payı olan Tural kimi oğullarımızla hər birimizin fəxr etdiyini, qürur duyduğunu bildirib. İllər ötsə belə Azərbaycan xalqının tarixi Qələbənin müəllifi olan Ali Baş Komandanı, hərbçilərimizi, şəhidlərimizi, qazilərimizi heç zaman unutmayacağını qeyd edib. "Nə qədər xalqımız, dövlətimiz var, Vətən uğrunda canından keçən şəhidlərimiz daim xatırlanacaq, fəxrlə, qürurla yad olunacaq. Onların xatirəsini uca tutmaq, adını yaşatmaq hər birimizin borcudur", - deyən icra başçısı Vətən müharibəsində canlarını torpaq üçün fəda edən bütün şəhidlərimiz kimi, Tural Məmmədovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını vurğulayıb.

Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib.

Şəhid atası Elxan Məmmədov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Turalın xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını onun timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirib.

Vəli VƏLİYEV,
"Respublika" qəzetinin bölgə müxbiri
14 dekabr 2021-ci il



Geri qayıt