• Təqvim

  • Maraq



Torpağı vətənləşdirənlər...

Respublika mətbuatı Qazax şəhidləri haqqında


44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha özümüzə tanıtdı. Neçə-neçə igid Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda Zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.

Belə mərd oğullardan biri də oktyabr ayının 29-da Qubadlı-Laçın istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Asəf Nəsibovdur. Qəhrəmanımız Asəf 25 fevral 1994-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində dünyaya göz açıb. 2000-2011-ci illərdə Qaymaqlı kənd orta məktəbində, 2011-2015-ci illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almışdır. 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2016-cı il Aprel döyüşlərində iştirak etmişdir.

Asəf istedadlı gənc və bacarıqlı kadr idi. Müxtəlif vəzifələrdə işləyən Asəfin son iş yeri İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Sumqayıt Kimya Sənaye Parkı” MMC olmuşdur. Asəf həm doğma kollektivi, həm də əhatəsində olan bütün insanlar tərəfindən xeyirxahlığı və nəcib keyfiyyətləri ilə hörmət qazanmışdı.

Təbiətən xoşrəftar, qayğıkeş və səmimi insan olan Asəf düşmən təxribatları başlayan ilk gündən etibarən heç bir tərəddüd etmədən könüllü olaraq cəbhəyə yollanmışdı. O, qaynar döyüşlərin getdiyi Cəbrayıl, Qubadlı və Laçın rayonlarının və kəndlərinin, o cümlədən bir sıra strateji yüksəkliklərinin azad edilməsi istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərmişdi. 29 oktyabrda Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Asəf qəhrəmancasına şəhadətə yüksəlmişdi.

Asəf Nəsibov döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Prezidentinin sərəncamları ilə "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə, "Laçının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdi.

Qarabağda Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimiz kimi Asəfin də ömür yolu gənclərə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox nümunələri öyrənməlidir. Onlar bilməlidirlər ki, vətənimizin müdafiəsi uğrunda savaşmaq və şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

Əlbəttə, bu böyük zəfər qətiyyətli siyasi iradə və əzmin nəticəsində, ilk növbədə, qəhrəman igidlərimizin canı-qanı bahasına əldə edilib. Bu qələbədə mənfur düşmənə qarşı inanılmaz şücaətlə vuruşan, öz həyatını qurban edən şəhidlərimizin xidməti əvəzsizdir.

Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədiyaşardır. Onlar Vətən uğrunda vuruşdular, Vətən naminə canlarından keçməyi bacardılar. Torpağı vətənləşdirən də onlardır. Amma Asəfin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan digər şəhidlərimizin qanı yerdə qalmadı.

Sonda sözlərimi türk şairi Mithat Cemal Kuntayın aşağıdakı misraları ilə bitirmək istəyirəm.

Bayraqları bayraq yapan üstündəki qandır,

Torpaq, uğrunda ölən varsa, Vətəndir!

Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onları daim xoş xatirələrlə anacaq, heç vaxt unutmayacağıq.

Elçin KAZIMLI,

"Azərbaycan” qəzeti

3 oktyabr 2021-ci il




Facebook-da paylaş