İcra başçısı Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun doğum gününü ailəsi ilə birlikdə qeyd edib
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi altında şanlı ordumuzun şücaəti sayəsində ötən ilin 27 sentyabrında
başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə
yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı.
Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya
qazi oldular. Sonunda zəfər çaldığımız 44 günlük müharibə Azərbaycan xalqının
Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır
olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyətli addımlarını,
müdrik siyasətini dəstəkləyən xalqımız 30 ilə yaxın bir dövr ərzində davam edən
amansız erməni işğalına qarşı aparılan müharibədə öz rəhbərinin ətrafında
yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə
qalxdılar. Vətən
torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda
canından keçən igid oğullarımızdan biri də şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğludur. Bu gün yaşasaydı 23 yaşını qeyd edəcəkdi Qazaxın igid
oğlu Xaliddin Nəsibov. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən
sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Xocavəndin azad
olunmasına görə” və "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş
igid Vətən oğlunun doğum gününü bu gün təkcə ailəsi deyil, yaxınları,
doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edir. Respublika Prezidenti İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi
əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısını hər zaman əldə
rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələrini,
məzarlarını ziyarət edir, onların əziz xatirələrini ehtiramla anır. Ənənəsinə sadiq qalan rayon
rəhbəri 44 günlük Vətən müharibəsi şəhidi baş
leytenant Xaliddin Nəsibovun cənnətdəki ilk
doğum gününü ailəsi ilə birlikdə qeyd edib. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Məmməd Alıyev, müavin-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Gulaya Həsənova, RİH başçısı aparatında
Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük
məsləhətçisi Məhəmməd Xəlilli, Milli Məclisin
deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, döyüş yoldaşları və ailə
üzvləri ilə birlikdə
şəhidimizin dəfn olunduğu Qarapapaq kənd qəbiristanlığında məzarını ziyarət
edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin
ehtiramla anıb.
Şəhidimizin ruhuna dua oxunduqdan sonra rayon rəhbəri
və qonaqlar Xaliddinin doğulub boya-başa çatdığı ata ocağında olub, Vətən
uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində
qazandığı şanlı Qələbədən danışan rayon rəhbəri həmin zəfərdə payı olan Xaliddin
kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44
günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana,
şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar
olduğumuzu, onlarla qürur duyduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik
zirvəsinə ucalan Xaliddin tək oğullarımızla tək bu gün deyil, illər ötsə belə
gələcək nəsillərin qürur duyacağını vurğulayıb. "Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə,
qazilərimizə göstərdiyi diqqət və qayğı hər birimiz üçün örnək olmalıdır”, -
deyən icra başçısı şəhidimizin doğum günündə bugünkü ziyarətin kökündə də məhz
dövlət qayğısının dayandığını qeyd edib. Nə qədər dünya var, Azərbaycan xalqı
var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını
söyləyib. Milli Məclisin deputatı
Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva millət vəkilinin səmimi ürək sözlərini çatdırıb, şəhidimizin əziz
xatirəsini dərin ehtiramla yad edib. Ölkə Prezidenti cənab İlham Əliyevin,
Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə,
qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu
bildirib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin
hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını dilə
gətirib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də həmin diqqət və qayğının
davamı olduğunu qeyd edib.
Şəhid atası Vaqif Nəsibov hər
zaman onlara göstərilən diqqət və qayğıya görə şəhid ailəsi kimi razılığını
ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum
günündə onun xatirəsinin yad olunmasını Xaliddinin timsalında bütün
şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhidimizin şəxsi əşyalarından,
şəkillərindən ibarət guşənin qarşısında dayanan qəhrəmanımızın anası
Sevda İsmayılova da övladı ilə fəxr etdiyini, şəhid anası adını qürurla
daşıdığını bildirir. Sevda ana qeyd edir ki: - Bu gün oğlumun cənnətdəki
ilk doğum günüdür. O, bizimlə olmasa da daim qəlbimizdə yaşayır. Bir an olsun
belə ağlımızdan çıxmır. Hara baxsam Xaliddinin siması dayanır gözlərim önündə,
qəhrəmanlığı, Vətənə olan sevgisi, general olmaq arzusu və daha nələr-nələr... Oğlumun
general olmaq arzusu yarımçıq qalsa da, o, daha uca zirvəyə - Şəhidlik zirvəsinə
ucaldı. Şəhadəti ilə yenə də könülləri fəth etdi. Xaliddin təkcə mənim övladım
deyil, indi bütöv Azərbaycanın, doğulub boya-başa çatdığı Qazaxın övladı oldu... Bəli, bu gün hər birimiz
torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Xaliddin Nəsibov kimi
oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları
qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən
şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır. Ruhun şad, məkanın
cənnət olsun igid Vətən oğlu!. Şəhid baş leytenant Nəsibov
Xaliddin Vaqif oğlu
Şəhid Xaliddin Nəsibov 17 iyul 1998-ci ildə Qazax
rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 2004-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 8-ci sinfini
bitirmişdir. Elə həmin ildə sənədlərini Naxçıvandakı Heydər Əliyev adına Hərbi
Liseyə verərək yüksək balla daxil olmuşdur. 2015-ci ilə qədər burada oxuyub
hərb sənətinin sirlərinə dərindən yiyələnən Xaliddin sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbində davam etdirmişdir. 2019-cu ildə həmin ali məktəbi bitirmişdir. Həmin
ilin avqust ayının 1-dən Ağcəbədi rayonunda "N” saylı hərbi hissədə leytenant
hərbi rütbəsində xidmətə başlamışdır.
Vətən müharibəsi başlayanda motoatıcı tağım
komandiri vəzifəsində xidmət edən Xaliddin Nəsibov döyüş meydanında göstərdiyi
igidliyə və şücaətə görə baş leytenant rütbəsi də almışdır. O, 15 oktyabr
2020-ci ildə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. İkinci Qarabağ
döyüşlərində qəhrəmanlıq göstərən Xaliddin Nəsibov 6 noyabr 2020-ci il tarixdə
uca zirvəyə - Şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşdu. İgid
qəhrəmanımız 18 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qarapapaq kəndində
kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən
torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan
Xaliddin Nəsibovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən
də yüksək qiymətləndirildi. Şəhid baş leytenant ölümündən sonra cənab Prezident
İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad
olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına
əsasən "Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş