• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda daha bir yeni məktəb binası istifadəyə verilir

Respublika mətbuatı Qazax haqqında


Son illər Qazax rayonunda yeni məktəb binalarının tikintsi və ya mövcud təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması istiqamətində ardıcıl iş aparılır.

Keçən il Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəb binası əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Təhsil Nazirliyinin xətti ilə Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olun­ması da şagird və müəllimləri sevindirmişdir. Ölkə başçısı­nın Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi ilə bağlı 4 avqust 2020-ci il tarixli sərəncamı da Qazaxda böyük razılıqla qarşılanmış­dır.

Hazırda Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni məktəb binası inşa olu­nur. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 220 şagird yerlik yeni binada artıq son tamamlan­ma işləri aparılır.

İş icraçısı Elnur Ver­diyevin sözlərinə görə 1967-ci ildə tikilmiş köhnə bina yararsız vəziyyətdə olub. Hazırda kənd məktəbi üçün inşa etdikləri yeni binada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait olacaq. Ötən ilin yanvar ayından inşasına başlanmış yeni məktəb binası zirzəmisi olmaqla 2 mərtəbədən ibarətdir. Burada 25 kub­metr olan içməli su anba­rı, 120 kubmetrlik yanğından mühafizə üçün su anbarı, su nasosu stansiyası, qazanxana, idman və akt zalları, yeməkxana və oyun meydançası inşa edilib.

İş icraçısı bildirdi ki, kənd sakinləri, müəllimlər tez-tez obyektə gəlir, məktəb binası­nın tikinntisində işlərin gedişi ilə maraqlanırlar. Onlar yeni məktəb binasının inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-pre­zident Mehriban Əliyevaya hədsiz minnətdarlıq edirlər.

Hamlet QASIMOV,

"Xalq qəzeti”nin bölgə müxbiri

20 avqust 2021-ci il




Facebook-da paylaş