Heydər Əliyev Fondunun dəstəyi ilə Qazaxda daha bir məktəb binası inşa olunur
Respublika mətbuatı Qazax haqqında
2019-2023-cü illərdə Qazaxda 11 məktəb binasının əsaslı təmiri və tikintisi Dövlət proqramına salınıb. Məlumdur ki, Heydər Əliyev Fondu ölkədə bu vacib işlərin həyata keçirilməsində yaxından iştirak edir. Bu baxımdan Qazax rayonu da istisna deyil.
Fondun təşəbbüsü və dəstəyi ilə Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi tamamilə yenidən qurularaq artıq istifadəyə verilib. Eyni zamanda təhsil nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısının Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında 4 avqust 2020-ci il tarixli sərəncamı dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısının bariz nümunəsidir.
Hazırda Heydər Əliyev Fondu tərəfindən Dövlət proqramında tikintisi nəzərdə tutulan Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi üçün 220 şagird yerlik yeni bina inşa olunur. Bu barədə "Göyəzən.az” internet portalı xəbər yayıb. Qeyd olunur ki, əvvəlki məktəb binası 1967-ci ildə inşa olunub və artıq tələbatı ödəmir. Ona görə ötən ilin yanvar ayından elə həmin məktəbin həyətində yeni binanın tikintisinə başlanılıb və indi inşaat işləri başa çatmaq üzrədir. Obyektin iş icraçısı Elnur Verdiyev məlumat verib ki, məktəb binası zirzəmisi olmaqla 2 mərtəbədən ibarətdir. Burada eyni zamanda su anbarları, nasos stansiyası, qazanxana, idman, akt zalları, yeməkxana və oyun meydançası da inşa edilir. İş icraçısı tikintidə işlərin sürətlə davam etdiyini demişdir.
Məlumat verildi ki, məktəb binasının dam örtüyü vurulmuş, birinci və ikinci mərtəbələrdə, idman zalında daxili suvaq, eləcə də astar-üzlük işləri başa çatdırılmışdır. Məktəb binasının xarici fasadında da suvaq işləri yekunlaşmaq üzrədir. Hər iki mərtəbədə elektrik və santexnik işləri tamamlanmış, istilik sistemi çəkilmiş, pəncərələr salınmışdır. Məktəbə 700 metrlik hasar da çəkilmişdir.
Rayon icra hakimiyyətindən məlumat vermişlər ki, məktəb kollektivi, valideynlər ölkə Prezidentinin və Mehriban Əliyevanın təhsilimizə göstərdikləri yüksək diqqət və qayğıya görə hədsiz minnətdarlıqlarını bildirirlər.
Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri
10 mart 2021-ci il
Facebook-da paylaş