Sərhəd kəndi olan Qaymaqlıda yeni tikilən məktəbdən - FOTOLAR
Son illər Respublika Prezidenti cənab İlham Əliyev
tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğı, bu qayğı
sayəsində həyata keçirilən məqsədyönlü tədbirlər, Birinci vitse-prezident,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun
reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Qazax
rayonunda da öz real əksini tapır. "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər
planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya
tikintisinin salınması bölgələrimizdə təhsil sahəsinə olan dövlət
qayğısının Qazaxın timsalında daha bir bariz nümunəsidir. Təkcə bu il Heydər
Əliyev Fondu tərəfindən rayonda Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni
binanın inşa olunması, yenə də Fond tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının
adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı
şəkildə yenidən qurulması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət
fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı imzalanan 5 mart,
daha sonra məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı imzalanmış Sərəncama dəyişiklik
edilərək sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli
Sərəncam bu sahədə görülən işlərin uğurla davam
etdirilməsi deməkdir.
Dövlət Proqramında tikintisi nəzərdə tutulan
məktəblərdən biri də düşmənlə sərhəddə yerləşən şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta
məktəbdir ki, Təhsil Nazirliyi tərəfindən bu məktəb üçün 180 şagird
yerlik yeni bina inşa olunur.
Bu ilin yanvar ayından tikintisinə başlanılan
yeni məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait
yaradılır. Zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəb binası 3
mərtəbədən ibarətdir. Bundan əlavə, məktəbdə həcmi 100 kubmetr olan içməli su
anbarı, həcmi 122 kubmetr olan yanğından mühafizə üçün su anbarı, su nasosu
stansiyası, çirkab su anbarı, qazanxana da inşa edilir. Birinci mərtəbədə
hazırlıq qrupu üçün 1 ədəd, ibtidai siniflər üçün isə 4 sinif otağı nəzərdə
tutulub. Sinif otaqlarının sayı ikinci mərtəbədə 7, üçüncü mərtəbədə isə 8
olacaq. Həmçinin idman zalı, akt zalı, bufet də fəaliyyət göstərəcək.
Məktəbin müəllim-şagird kollektivi, eləcə də
valideynlər düşmənlə sərhəddə yerləşən Qaymaqlı kəndində yeni məktəb binasının
tikilməsini bu gün də razılıq hissi ilə qarşılayırlar. Təhsil sahəsinə
göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident
Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər.
Hazırda tikintisi davam edən Qaymaqlı kənd
tam orta məktəbdən yeni görüntüləri təqdim edirik.
GOYEZEN.AZ
Facebook-da paylaş