Qazax rayonu
Respublika mətbuatı Qazax haqqında
Təmas xəttində yerləşən kəndlərə yeni yol
Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrlə yanaşı, son illər yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən görülmüş işlər respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da uğurla yerinə yetirilir. Dövlət başçısının diqqət və qayğısı sayəsində son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin bariz nümunəsidir
Düşmənlə sərhəddə yerləşən Fərəhli kəndinə yeni asfalt yolun çəkilməsinə başlanılması bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Uzun illər istifadə olunduğundan yararsız vəziyyətə düşən yolun əsaslı şəkildə təmir olunması ilə əlaqədar kənd sakinləri tərəfindən Qazax Rayon İcra Hakimiyyətinə müraciət olunmuş və həmin yol dəfələrlə qum-çınqıl tökülərək cari təmir edilmişdir. Qeyd etmək lazımdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin "Qazax rayonu, Y-35-06 (13 km) – Fərəhli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,2 milyon (iki milyon iki yüz min) manat ayrılmasına dair 10 sentyabr 2020-ci il tarixli sərəncamı”ilə həmin yolda ən müasir standartlara cavab verən tikinti-quruculuq işləri aparılacaq ki, bu da bölgə əhalisinin ürəyincədir.
Uşaq bağçalarının açılması ilə əlaqədar dezinfeksiya işləri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 29 avqust 2020-ci il tarixli 312 nömrəli Qərarına əsasən 2020-ci il sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin - dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. İcra Hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə fəaliyyət göstərən 25 (6-sı şəhər, 19-u kənd) uşaq bağçasında dezinfeksiya işləri aparılır. Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanır. İşçi heyət hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Dezinfeksiya işləri başa çatdıqdan sonra uşaq bağçalarında geniş təmizlik, tibbi-profilaktik işlər görüləcək. Otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaq. Bundan əlavə, hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulacaq. Hər gün bağçaya gələn işçi heyət və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Rayonda uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən həyata keçiriləcək.
Vəli VƏLİYEV,
"Respublika” qəzetinin bölgə müxbiri
12 sentyabr 2020-ci il
Facebook-da paylaş