“Heydər Əliyev İli” çərçivəsində “Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilib
Noyabrın 30-da “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə “Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru, müəllimlər, şagirdlər, Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Xalqımızın Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ulu öndər Heydər Əliyevin mənalı həyatı və siyasi fəaliyyətinə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı videoçarx nümayiş etdirilib.
Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbir iştirakçılarını salamlayıb, giriş sözü ilə çıxış edərək bildirib ki, Azərbaycanın müstəqilliyinin xilaskarı, xalqımızın əvəzolunmaz lideri, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu tədbir “Heydər Əliyev İli”ndə keçirilən növbəti tədbirdir. Heydər Əliyev bizim dahi müasirimizdir. Eyni zamanda, böyük tarixi şəxsiyyətdir. Onun öz xalqına həsr etdiyi həyatı, öz dövlətinin müstəqilliyi, inkişafı və tərəqqisi uğrunda mübarizələrlə dolu siyasi fəaliyyəti gələcək nəsillər üçün bir örnəkdir. O, Azərbaycanın layiqli adını, millətin şərəfini və ləyaqətini özünə qaytarmaqla adını tariximizin səhifələrinə qızıl hərflərlə yazdırdı və hər bir azərbaycanlının qəlbində özünə əbədi məşəl yandırdı. Onun irsini gələcək nəsillərə təbliğ etmək məqsədi daşıyan tədbir üçün şagirdlərə və müəllimlərə minnətdarıq.
Sonra Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin direktoru İslam Carçıyev çıxış edərək bildirib ki, bu ilin Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev İli” elan edilməsi böyük məsuliyyət , eyni zamanda, böyük şərəf və qürurdur. Heydər Əliyev hələ sağlığında nurlu və mənalı ömrünü qızıl hərflərlə nəsillərin qan yaddaşına yazmış, xalqımızın qəlbində müstəqilliyimizin əbədiliyinə parlaq işıq yandırmışdır. Xalqımızın tarixi və milli sərvəti olan azərbaycançılığı özümüzə geri gətirmiş, heç kimin apara bilmədiyi mübarizəni apararaq müstəqilliyimizin qorunub saxlanmasında canını belə əsirgəməmişdir. Bunun üçün Heydər Əliyevə nə qədər təşəkkür etsək azdır.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nərminə Namazova çıxış edərək bildirib ki, doğrudan da Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, ideya, siyasi və idarəçilik irsi çox zəngindir. Ulu Öndər Heydər Əliyev irsi xalqımızın milli sərvəti, xəzinəsidir. Hələ neçə-neçə nəsillər bundan sonra da bu məktəbdən bəhrələnəcək, ölkəmizin davamlı inkişafına öz töhfəsini verəcəkdir. Ona görə də bu cür tədbirlərin mütəmadi olaraq təşkil edilməsi gələcək nəsillərimizə Ulu Öndər irsinin dərindən təbliğ edilməsində böyük əhəmiyyətə malikdir.
Sonra söz məktəbin şagirdlərinə verilib. Şagirdlər Zeynəb Alıyeva, Aylin Orucova, Nihal Zülfüqarova, Nəzrin Həsənova, Ləman Namazova, Murad Abdurəhmanlı, Nuray Kərimova Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub və ədəbi- bədii kompozisiya nümayiş etdiriblər.
Muzeyin ekskursiyası ilə tədbir sona çatdırılıb.
Facebook-da paylaş