• Təqvim

  • Maraq



Böyük türk qardaşlığının təntənəsi


"TEKNOFEST” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. 2018-ci ildən hər il təşkil olunan "TEKNOFESTfestivalında Azərbaycan2021-ci ildən iştirak edir. Festivalın sərgi hissəsində qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsulları, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib. Festivalda təşkil olunan hava şoularında Azərbaycanın Hərbi Hava Qüvvələrinin peşəkar pilotları "MiQ-29” qırıcı təyyarələri ilə solo pilotaj uçuşları həyata keçiriblər.

"TEKNOFEST” festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür. Bu il isə 26-29 may tarixlərində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə "TEKNOFEST” festivalına ilk dəfə olaraq Azərbaycan ev sahibliyi etdi. Festival çərçivəsində gənclər, tələbələr, məktəblilər, startaplar və sahibkarlar üçün böyük və yeni fürsətlər açılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan cari ilin 28 may tarixində Bakıda keçirilən "TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında çıxış və iştirak etmişdir. Hər iki ölkənin dövlət başçıları festival haqqında gözəl fikirlər söyləmiş, ölkələrimiz arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərindən danışmışlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında Türkiyənin hər zaman ölkəmizə göstərdiyi dəstəkdən danışaraq bildirdi ki, 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq”, - deyərək dövlət başçısı bütün dünyaya aydın mesaj vermişdir.

Şuşa Bəyannaməsindən danışan Prezident İlham Əliyev "Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı” demiş və bu müttəfiqliyin özünü hər yerdə – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində göstərməsini vurğulamışdır. Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir.

Öz çıxışında dövlət siyasətinin mütləq prioritetlərinə toxunan dövlət başçısı bildirmişdir ki, Azərbaycan xalqının və dövlətinin milli maraqları müdafiə olunmalı və Azərbaycan müstəqil siyasət aparmalıdır. Prezident çıxışında həmçinin Türk dünyasının böyük oğulları dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və "TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur "Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisə kimi qiymətləndirmiş və onların gənclər üçün örnək, nümunə olduğunu qeyd etmişdir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı da önəmli mesajlarla zəngin olmuşdur. Türkiyə dəstəyinin tarixindən danışan Rəcəb Tayyib Ərdoğan "1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur”, - deyərək "Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq” kəlmələri ilə Azərbaycan və Türkiyə arasındakı səmimi qardaşlıq nümunəsini hər kəsə bəyan etmişdir.

"Şuşa Bəyannaməsi qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdı”, - deyən Türkiyə dövlət başçısı enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar qurulmasından danışaraq ikitərəfli əlaqələrimizintəkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdığını bildirib. Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq. Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik. Qardaş ölkənin Prezidenti Qarabağ Zəfərinə də toxunmuş və "Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir- deyə qürurla söyləmişdir. Azərbaycan Silahlı Qüvvələrinin igid mənsubları Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir. Şuşa Bəyannaməsində müdafiə sənayesi sahəsində ortaq araşdırma və istehsal fəaliyyətlərinin reallaşdırılması da nəzərdə tutulub. Müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır. Regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərəcəkdir. Bölgədə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir.

Göründüyü kimi, "TEKNOFEST” təkcə ən böyük aviasiya, kosmos və texnologiya festivalı deyil, eyni zamanda iki qardaş dövlətin səmimi münasibətlərinin və sarsılmaz türk birliyinin dünyaya bəyanıdır. Prezidentin də dediyi kimi: "30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqil siyasət aparır, siyasətinin əsasında isə qonşu dövlətlərlə səmimi qonşuluq və tərəfdaşlıq prinsiplərini əsas tutur. Bu isə ölkədə xalq-iqtidar birliyinin, xalqın dövlətə, dövlət başçısına inamının, etimadının fonunda praqmatik, uzaqgörən siyasi liderin gələcəkdə də möhtəşəm uğurlara imza atacağından xəbər verir. Bu yolda dövlət başçımıza müvəffəqiyyətlər, xalqımıza isə yeni qələbələr arzu edirik.

Yaşasın Türkiyə-Azərbaycan dostluğu!

Yaşasın xalqlarımızın birliyi!

Var olsun Azərbaycan!

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş