• Təqvim

  • Unutma

  • Maraq



ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans regionun bu günü və gələcəyi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirən mühüm tədbir kimi yaddaşlara yazıldı


Öz siyasətində hər zaman sülhü və əmin-amanlığı dəstəkləyən və atdığı addımlarla, irəli sürdüyü təkliflərlə sülhsevərliyini isbatlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq bu istiqamətdə misilsiz fəaliyyəti ilə Azərbaycanın müasir tarixində islahatçı, praqmatik və qalib lider mövqeyində yeganə siyasi simadır. Əminliklə deyə bilərik ki, İlham Əliyevin müəllifi olduğu yeni əməkdaşlıq platformaları, qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda tərəfdaşlıq təklifləri Azərbaycanı Cənubi Qafqazda siyasi, iqtisadi və hərbi cəhətdən lider dövlətə yüksəltdi. Eyni zamanda, Qarabağ münaqişəsini uğurla həll etməklə Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin yaratdı. Onun təşəbbüsü ilə reallaşacaq yeni platformalar gələcəkdə də Cənubi Qafqazda təhlükəsizlik zəmanəti olacaq. Bu isə öz növbəsində Azərbaycanın və İlham Əliyevin təkcə Cənubi Qafqazda deyil, bütün dünyada sülhyaratma missiyasının, qlobal təhlükəsizliyin təmin olunmasının ən gözəl nümunəsi və əyani sübutudur.

Aprelin 29-da ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans Azərbaycanın bu istiqamətdə səmərəli fəaliyyətinin növbəti təzahürü oldu. Prezident İlham Əliyev bu konfransda iştirak etdi və postmüharibə dövründə Azərbaycan və beynəlxalq aləm üçün aktual olan mövzular ətrafında real faktlara əsaslanan maraqlı çıxışı ilə bir daha hər kəsi heyran etdi. Öz çıxışında dövlət başçısı müharibədən sonrakı məsələlərə - 30 illik işğal ərzində erməni vandalizmi, sülh gündəliyi, təhlükəsizlik və əməkdaşlıq məsələləri, aparıcı beynəlxalq təşkilatların mövqeyi, Zəngəzur dəhlizi, yeni iqtisadi layihələr, ölkəmizin bir sıra xarici dövlətlərlə münasibətləri, Avropa İttifaqı ilə əməkdaşlıq və s. mövzularda müəyyən məqamlara aydınlıq gətirməklə yanaşı, bir sıra önəmli mesajlar da vermiş oldu.

Erməni barbarlığından danışan dövlət başçısı bildirdi ki, 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır. Lakin buna baxmayaraq "Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər” - deyən ölkə başçısı qeyd edib ki, bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdən danışan Prezident bildirib ki, qətnamələri qəbul edənlər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü idi, onlar həm də ATƏT-in Minsk qrupunun həmsədrləri idilər. İşğalla bağlı vəziyyət Ermənistan üçün də, Minsk qrupunun həmsədrləri üçün də məqbul idi. Azərbaycan üçün isə bu cür vəziyyət məqbul deyildi.

Prezident çıxışında Avropa İttifaqı ilə münasibətlərə də toxunaraq qeyd edib ki, Azərbaycan üçün Avropa İttifaqı çox önəmli tərəfdaşdır. Azərbaycan Avropa İttifaqını ədalətli vasitəçi kimi hesab edir və onun səylərini alqışlayır. Avropa İttifaqı ilə çox geniş gündəlik mövcuddur. Ermənistan-Azərbaycan münaqişəsi heç vaxt onun bir hissəsi olmamışdır. Çünki bu məsələ ilə Minsk qrupu məşğul olurdu və Avropa İttifaqı bu məsələdən bir az uzaq idi. Lakin indi ticarət, enerji, nəqliyyat, humanitar və demokratik inkişaf məsələləri ilə birlikdə bu məsələ də gündəliyimizdədir.Ermənistana və Azərbaycana verilmiş maliyyə paketi arasında böyük fərq mövcud idi və buna düzəliş olunmuşdur. Avropa İttifaqı Ermənistana 2.6 milyard, Azərbaycana isə 140-160 milyon avro yardım paketini elan edib. Bu, bir daha ikili standartların təzahürüdür. Ermənistan üçün ayrılmış vəsaitin böyük hissəsi kredit deyil, qrant olacaq, yəni hədiyyə. Azərbaycana isə yüz neçə milyon. Avropa İttifaqı Azərbaycana minatəmizləmə işlərinə 5 milyon avro ayıracaq.

Azərbaycanın və Qarabağın tarixi ilə bağlı real faktlara əsaslanaraq dövlət başçısı vurğulayıb ki, erməni tarixşünaslıq elmində hər bir addımda saxtakarlıq görürük. O cümlədən Azərbaycan əraziləri ilə bağlı, Qarabağın tarixi ilə bağlı. Bu saxta tarix siyasəti son beş-altı ildə hətta yeni bir forma almışdı. Onlar Azərbaycan şəhərlərini rəsmən erməni adları ilə, saxta adlarla adlandırmağa başladılar. Türkmənçay və Gülüstan müqavilələrindən sonra Persiyadan və Şərqi Anadoludan ermənilərin bu ərazilərə köçü başlayıb. Bütün bunlar tarixi faktlardır. Həddən artıq tarixi keçmişə getmək, əslində, Ermənistanın uğursuzluğunun səbəbidir. Çünki onlar həmişə düşündüyünə görə özlərinin itirmiş olduqlarına necə nail ola biləcəkləri haqqında xəyal edirdilər. Onlar həmişə öz ideologiyası, öz təhsilini keçmişə əsaslandırırdılar və gələcəyi də əldən verdilər. Münaqişəyə və illərdir davam edən işğala qeyri-müvafiq münasibətə təkcə məlumat çatışmazlığının səbəb olmaması, faktlarla bilərəkdən manipulyasiya edilməsi Azərbaycanı çox məyus edir. Ədalətsizliklə üzləşməyə başlayanda bizə belə gəldi ki, öz işimizi təqdim etmək, işğaldan əziyyət çəkənlərin Azərbaycan xalqının olduğunu, bizim torpaqların təcavüzün qurbanı olduğunu izah etmək üçün biz daha gərgin çalışmalı idik. Ermənilərin işğal dövründə etdiklərinə baxmayaraq, onların heç bir əməli heç vaxt hər hansı bir cəzalandırma və ya hətta qınaq obyekti deyildi.

 

İkili standartlara da münasibətini bildirən Prezident İlham Əliyev "Zərdüştlük məbədi, məscid, katolik kilsə, pravoslav kilsə, erməni kilsəsi və sinaqoq - bütün bunlar ölkəmizin milli irsidir və biz onları qoruyub saxlayırıq. İşğal olunmuş ərazilərdə 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoyulmamışdır” - deyərək, qeyd edib ki,  minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə olaraq ermənilərin dağıtdığı məscidlərə rəğmən bu kilsənin bərpa ediləcəyi faktı indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır. Azərbaycan Ermənistandan fərqli olaraq çoxlu etnik xalqların yaşadığı bir ölkədir. Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi yaşamaqla onların bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq. Burada bütün etnik qruplar, ermənilər da daxil olmaqla sülh və ləyaqət içində yaşayırlar.

Xarici dövlətlərlə münasibətlərdən danışaraq Prezident bildirib ki, Çin ilə münasibətlər strateji əhəmiyyətə malikdir. Bu münasibətlər çox uğurla inkişaf edir. Prezident Si Cinpi Prezident İlham Əliyevi "Çinin böyük dostu” adlandırmışdır. Xəzər dənizi, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Çindən karqo qəbul etməyə başlamağa hazırıq. Dəniz ticarətimizin həcmini qısa müddət ərzində 25 milyon tona qədər artıra bilərik. Lakin biz əməkdaşlığımızı yalnız tranzit və daşımalar sahəsində görmürük, daha geniş şəkildə, çox yaxşı siyasi əməkdaşlığa malik olaraq biz Çin şirkətlərini burada investorlar kimi görmək istərdik.

Həmçinin Rusiya və Fransa ilə münasibətlərə də fikir bildirən dövlət başçısı qeyd edib ki, Rusiya ilə bizim ticarətimiz çoxşaxəlidir. Aprelin 26-sında Bakıda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası olub və gələcək planlarımıza dair çoxşaxəli məsələlər müzakirə edilib. İndiyə kimi biz hər il yaxşı nəticələr əldə etmişik. Ticarət dövriyyəsi artır. Bizim fermerlər üçün Rusiya bazarı böyük bazardır. Rusiya istehsalçıları üçün də Azərbaycan bazarı olduqca önəmlidir. Burada və orada çoxlu şirkətlər çalışır. Sözsüz ki, Rusiyadakı Azərbaycan icması çox böyükdür. Onlar da ticarət dövriyyəsinin artmasına töhfə verirlər. Lakin, sanksiyalar qalarsa, növbəti altı ayda və ya bir ildə nə olacaq, proqnozlaşdırmaq çətindir. Azərbaycan və Fransa arasında güclü mədəni münasibətlər mövcuddur. Biz mədəniyyət, təhsil sahələrində böyük irəliləyişə nail olmuşuq. Bir sıra önəmli tədbirlər, Azərbaycan mədəniyyətinin Fransanın fərqli şəhərlərində çoxsaylı təqdimatları, günləri olmuşdur. Fransa və Azərbaycanın təxminən ondan çox qardaşlaşmış şəhəri var. Bu, sadəcə, formallıq deyil, burada böyük ictimai münasibətlər var. Həmçinin mədəniyyətin tərkibi kimi təhsilə gəlincə, Bakıda Fransız liseyinin yaradılması da bizim təşəbbüsümüz idi. Vacib olan odur ki, qonşu ölkələr ilə və ümumiyyətlə bütün ölkələrlə münasibətlərdə Azərbaycan Hökumətinin və onun nümayəndələrinin bəyanatları olduqca məsuliyyətlidir. Ərazi bütövlüyü qırmızı xətdir. Xaricdə yaşayanların müxtəlif mövzularla bağlı fərqli mövqelərinə görə Azərbaycan məsuliyyət daşımır. Azərbaycan azad ölkədir və hər kəs–bizim vətəndaşlar və əcnəbi vətəndaşlar istədiyini söyləyə bilər. Əlbəttə, bunun bizim qanunvericiliklə ziddiyyət təşkil etməməsi şərti ilə.

Beynəlxalq konfransda Prezident həmçinin iqtisadiyyatımızın inkişafından da danışıb. İlham Əliyev bildirib ki, cari ilin üç ayında iqtisadiyyatımız 7 faiz və ixracımız 90 faizdən çox artıb, o cümlədən enerjiyə aid olmayan ixrac sektorunda 45 faiz artım olub. Eyni zamanda, Azərbaycan sərvət və sabitlik yaradıcısıdır. İqtisadi, regional nəqliyyat əlaqələri nöqteyi-nəzərdən tamamilə yeni xəritə olmalıdır. Çünki artıq yeni nəqliyyat xəritəsini yaratmışıq. 2008-ci ildə Bakı-Tbilisi-Qars üzərində işləməyə başlayanda və 2017-ci ildə bu kəmərin tamamlanmasına nəzər salsaq görərik ki, bu, tamamilə yeni mənzərədir.

Bütün bu fikirlərin yekununda əminliklə deyə bilərik ki, Azərbaycan regionda lider dövlətdir və ölkəmizin nüfuzu bundan sonra da beynəlxalq aləmdə yüksələn xətlə inkişaf edəcək. Bu yolda dövlətimizə və dövlət başçımıza uğurlar və yeni nailiyyətlər arzu edirik.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş