• Təqvim

  • Maraq



Aprel döyüşlərinə həsr olunmuş “Möhtəşəm Zəfərə aparan yol” başlıqlı tədbir keçirilib


Aprelin 1-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş "Möhtəşəm Zəfərə aparan yol” başlıqlı tədbir keçirilib.

Tədbirdə Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru, müəllim və şagirdləri, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, kəşfiyyatçı zabit, baş leytenant, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, qazilər Namiq Xanbaba oğlu Qocayev, İlkin Rəhman oğlu Kosayev, Səyyar Şərif oğlu İsmayılov və Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbirdə əvvəlcə Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, İyul döyüşlərində, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Sonra Aprel döyüşlərinə həsr edilmiş film nümayiş olunub.







Mərkəzin direktoru Ceyhunə Hüseynova Azərbaycanın müasir tarixinə Aprel döyüşləri kimi yazılmış dördgünlük müharibə haqqında danışaraq bildirib ki, Azərbaycanın qələbəsi ilə nəticələnən Aprel döyüşlərindən 6 il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə ordumuz 2000 hektardan çox  ərazini azad etdi. Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı idi.


Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü çıxış edərək Aprel qələbəsinin hərb tariximizdə şanlı qələbə olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın qazandığı diplomatik uğurların davamı olaraq 44 günlük Vətən müharibəsində də ordumuzun düşmənə öz gücünü göstərdiyini və dəmir yumruğa çevrilib düşməni diz çökdürdüyünü qeyd edib.

Qazax Dövlət Sosial-İqtisadi Kollecin I kurs tələbəsi Səma Aslanova çıxış edərək gənc kimi Vətənin bütövlüyü uğrunda canından keçmiş Vətən oğulları ilə fəxr etdiyini, ölkə başçısının uğurlu siyasətini dəstəklədiyini və hər zaman qalib ölkənin qalib gənci kimi qürur duyduğunu bildirib.

"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, kəşfiyyatçı zabit, baş leytenant, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, qazilər Namiq Qocayev, İlkin Kosayev və Səyyar İsmayılov çıxış ediblər. Azərbaycan ordusunda xidmət etdikləri üçün fəxr və qürurlu olduqlarını, Aprel zəfərinin 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı olduğunu söyləyiblər.





Sonda şagirdlərdənZəhra Yusifova, Humay Dünyamalıyeva, Zəhra Rəsulova, Gülər Abdullayeva, Xumar Mahmudova, Səma Allahverdiyeva, Aysu Orucova, Aysel Əlvəliyeva, Aysel Hüseynova, Əsmər Hüseynova, Leyla Həsənova, Sevda Adıgözəlova, Murad Alıyev Vətənə və qələbəmizə həsr edilmiş vətənpərvərlik şeirləri səsləndirib, kompozisiyalar təqdim ediblər.


 

GOYEZEN.AZ



Facebook-da paylaş