• Təqvim

  • Maraq



Azərbaycan hər zaman qələbələrə imza atan dövlətdir


İdman ictimai həyatın mühüm hissəsidir, idman təkcə yarış deyil, həm də bir siyasətdir. Məhz buna görə xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanda ikinci dəfə rəhbərliyə qayıdışından sonra digər sahələrlə yanaşı idmanın inkişafını da xüsusi olaraq diqqət mərkəzində saxladı və bu istiqamətdə idman tariximizə qızıl hərflərlə yazılacaq işlərə imza atdı. 1994-cü ildə Ulu Öndərin fərmanına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, 1995-ci ildə İdman Fondu yaradıldı. 1997-ci ildə Milli Məclis "Bədən Tərbiyəsi və İdman Haqqında” Qanun qəbul etdi. 2001-ci ildə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Bundan sonra ölkədə idmana münasibət dəyişdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanda idmanın kütləviliynə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoydu. 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi və 1997-ci il MOK-un fəaliyyətində əsas dönüş ili kimi tarixə düşdü. 2003-cü ildən isə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə digər sahələrdə olduğu kimi idmanda da dinamik inkişaf, nəzərəçarpacaq irəliləyişlər baş verdi. Çox qısa zaman kəsiyində bədən tərbiyəsi və idmana dövlət qayğısı və diqqəti nəticəsində Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi sabit və inkişaf edən dövlətə çevrildi, beynəlxalq idman arenalarında üçrəngli bayrağımız dalğalandırıldı, idmançılarımız ölkəyə qalibiyyətlə qızıl, gümüş, bürünc medallarla qayıtdılar, idmana kütləvilik artdı. Qalibiyyətlə ölkəyə dönən idmançılar hər zaman dövlət başçısı tərəfindən yüksək rəğbət və hörmətə layiq görülmüş, onların qayğıları, problemləri dövlətin qarşısında duran prioritet məsələlərdən olmuşdur.

İdmançılarımızın növbəti uğuru Bolqarıstanda keçirilmiş Avropa çempionatında oldu. Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görüldü. Bununla əlaqədar Prezident İlham Əliyevin Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə cari ilin 17 mart tarixində görüş keçirdi və səmimi çıxış etdi. Prezident öz çıxışında qeyd etdi ki, Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Gənclərdə vətənpərvərlik hissləri daim yüksək olmalıdır. Vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir. Dövlətimizin başçısı onu da vurğuladı ki, 30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda Azərbaycan məğlub edilmiş ölkə kimi təmsil olunurdu. Həqiqəti etiraf etmək lazımdır, həqiqəti olduğu kimi bilməliyik və deməliyik. Bu məğlubiyyətin səbəbləri var idi, ovaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar – bütün bunlar var idi. Məhz bu amillər məğlubiyyəti şərtləndirmişdir. Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar. Xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi. Ancaq Azərbaycan xalqı düşməndən intiqamı döyüş meydanında aldı. Düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az idi. O da məhz ona görə ki, o mülki vətəndaşlar döyüşlərdə iştirak edirdilər.

İdmançılarla görüşündə Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. İndidən bu istiqamətdə işlər görülür. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapır.

Biz inanırıq ki, tezliklə dünya idman arenalarında üçrəngli bayrağımızı dalğalandıran komandalar, idmançılar sırasında "Qarabağ”, "Şuşa”, "Laçın”, "Kəlbəcər” komandaları, idman klublarının idmançıları da olacaq. Və xalq olaraq bir daha dünyaya sübut edəcəyik ki, Azərbaycan həm idmanda, həm döyüş meydanında hər zaman qalibiyyətlərə imza Atan dövlətdir.

Qələbələrin bol olsun Azərbaycan!

Hər zaman qalibiyyət səninlə olsun Azərbaycan!

Ceyhunə HÜSEYNOVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş