Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu gün Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin kollektivi və bir qrup rayon idman ictimaiyyətinin nümayəndəsi COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq, Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət ediblər. Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla anıblar.
Sonra 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir onlayn formatda davam etdirilib. Rayonun idman ictimaiyyətinin nümayəndələri ilə təşkil olunmuş vebinara ümumilikdə 21 nəfər qatılıb.
Vebinarı giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev açaraq tədbir iştirakçılarını salamlayıb, əlamətdar gün münasibətilə səmimi təbriklərini çatdıraraq onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra Vətən uğrunda qəhrəmancasına canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
V.Nəbiyev qeyd edib ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır.
V.Nəbiyev daim Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımızın Vətən müharibəsində də eyni amal – üçrəngli bayrağımızın əzəli torpaqlarımızda ucaldılması üçün cəbhəyə yollandıqlarını qeyd edib. Azərbaycan idmançılarının doğma Vətəni canları qədər sevdiklərini, onların nümunəvi vətəndaş olduqlarını diqqətə çatdırıb. V.Nəbiyev bildirib ki, bütün bu uğurlar Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Bakı Dövlət Universitetinin Qazax filialının dekanı Hamlet İlyasov, "Biomen” İdman Klubunun sədri Azər Əliyev, Qazax Rayon Təhsil Şöbəsi nəzdində Uşaq Gənclər Şahmat-İdman Məktəbinin tədris hissə müdiri, "Fəqan” İdman Klubunun sədri Şücayət Nağdalıyev, İ.Şıxlı adına Kosalar nömrəli tam orta məktəbin fiziki tərbiyə rəhbəri Nizami Qasımov mövzu ətrafında geniş çıxış ediblər. Ölkəmizin idman sahəsində qazandığı uğurlardan, idmançılarımızın beynəlxalq səviyyəli yarışlarda, olimpiadalarda əldə etdikləri nailiyyətlərdən danışıblar. İdman sahəsinə və idmançılara göstərilən dövlət qayğısına görə ölkə başçısına və Birinci vitse-prezidentə minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş