Qazax Rayon Heydər Əliyev Mərkəzində “Uşaqların bahar sevinci” adlı bayram şənliyi təşkil edilib
Martın 17-də Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı münasibətilə "Uşaqların bahar sevinci” başlıqlı bayram şənliyi təşkil edilib.
Tədbirdə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin III sinif şagirdləri və sinif müəllimi Aynur Mahmudova, Mərkəzin əməkdaşları iştirak ediblər.
Tədbiri Mərkəzin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə açaraq iştirakçıları bayram münasibətilə təbrik edib, uşaqlara xoşbəxt və firavan həyat arzulayıb. Novruz bayramının xalqımızın tarixi və mədəni əhəmiyyətli bayram olduğundan danışaraq bildirib ki, Novruz dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, bütün bəşəriyyətin mənəvi dəyəridir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda artıq illərdir ki, bu bayram geniş şəkildə rəsmi dövlət bayramı kimi qeyd edilir. Heydər Əliyevin "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” kimi səsləndirdiyi arzularAzərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən reallaşdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Bu isə Azərbaycan mədəniyyətinin tarixində mühüm hadisə kimi tarixə düşüb.
Sonra sinif müəllimi Aynur Mahmudova çıxış edərək bayram münasibətilə tədbir iştirakçılarına öz ürək sözlərini çatdıraraq bildirib ki, Novruz xalqımızın milli bayramıdır, Novruz hər zaman xalqımıza sülh, əmin-amanlıq, insanlara birlik, mehribanlıq, mərhəmət gətirsin. Qələbəli Novruzumuz bu il Şuşada, Laçında, Kəlbəcərdə, Qarabağda qeyd edilir.
Sonra uşaqların bayram şənliyi üçün hazırladıqları mahnılar, şeirlər, rəqslər, səhnəciklər təqdim edilib. Uşaqlar çalıb, oxuyub, oynayıblar. Birlik rəmzi olan "Yallı” ilə tədbiri sona çatdırıblar.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı keçirilən tədbirin sonunda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin dəstəyi ilə uşaqlara bayram sovqatları təqdim edilib.
GOYEZEN.AZ
Facebook-da paylaş