• Təqvim

  • Maraq



9 Noyabr – Bayraq Gününə həsr olunmuş “Qürurlu və qalib Bayraq” adlı tədbir keçirilib


Noyabrın 4-də Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 9 Noyabr - Bayraq Gününə həsr olunmuş "Qürurlu və qalib Bayraq” adlı tədbir keçirilib.

Tədbirdə Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəbin təşkilatçı müavini Yetər Lələyeva, məktəbin şagirdləri və Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbir 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun əsgər və zabitləri tərəfindən işğaldan azad edilmiş tarixi Azərbaycan torpaqlarında düşmən bayrağının məhv edilərək üçrəngli ay-ulduzlu bayrağımızın dalğalandırılması və Ali Baş Komandan İlham Əliyevin ərazilərimizin işğaldan azad olunması haqqında məruzələrini özündə əks etdirən filmin nümayişi ilə başlayıb.


 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Bayraq Günü münasibətilə təbrik edib. C.Hüseynova müstəqilliyimizin rəmzi olan Azərbaycan Dövlət Bayrağının tarixi barədə danışıb, bayrağın dövlətin bütövlük, müstəqillik, ucalıq, müqəddəslik rəmzi olduğunu vurğulayıb. Bildirib ki, 30 ilə yaxındır ki, üçrəngli bayrağımızın işğal altında olan torpaqlarda dalğalanacağı günü gözləyirdik. Bu gün artıq həsrətlə gözlədiyimiz arzumuz reallığa çevrilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun böyük şücaəti və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində hazırda üçrəngli Azərbaycan Bayrağı bu gün işğaldan azad olunmuş doğma torpaqlarımızda qürurla dalğalanır. Xalqımızın azadlıq məfkurəsinə və milli-mənəvi dəyərlərə sadiqliyini nümayiş etdirir. İşğalçı Ermənistanın növbəti hərbi təxribatına rəşadətli Ordumuz tərəfindən layiqli cavab verildi. Azərbaycan xalqı bu gün qürur hissi ilə  torpaqlarımızın işğaldan azad edilməsi sevincini yaşayır.

Sonra N.Vəliyev adına 5 nömrəli tam orta məktəbin şagirdləri Tamara Nəsibli, Fəridə Əliyeva, Polad Əhmədov, Əli Əliyev, Qənirə Əsgərova, Məleykə Şükürova, Nəhayət Cahangirova, Gülnur Orucova, Fatimə Salıfova, Leyla Mehdizadə, Gözəl Qəhrəmanova, Fidan Abdullayeva, Nəzrin Quluzadə, Əli Rzayev, Leyla Nəsibova, İlkin Məmmədli, Sinan Abdullayev, Murad Orucov, Tusi Vəlizadə  Bayraq, Vətən mövzusuna aid şeirlər söyləyiblər.













GOYEZEN.AZ



Facebook-da paylaş