İnkişaf etmiş regionlar güclü dövlətin göstəricisidir
Azərbaycan Respublikasının regionları yeni inkişaf
mərhələsinə qədəm qoyur. Ölkə regionlarının mövcud potensialından daha səmərəli
istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını
sürətləndirmək, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq
probleminin həllinə nail olmaq və respublikamızı iqtisadi cəhətdən hərtərəfli
inkişaf etdirmək dövlətin qarşısında əsas vəzifə kimi qoyulmuşdur. Aparılan
işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya
mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin
yaxşılaşmasına, rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə
şərait yaratmışdır. Bu istiqamətdə işlərin daha da gücləndirilməsi
məqsədilə dövlətimizin başçısı regionlara müntəzəm səfərlər edir. Regionların
sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə bağlı verilən
tapşırıqların icrası yerində yoxlanılır. Son illər ərzində Azərbaycan
Prezidentinin bölgələrə yüzlərlə səfəri olmuşdur. Səfərlər zamanı baş tutan
açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcmini göstərir. Eyni
zamanda, bu onu göstərir ki, ölkə hərtərəfli inkişaf edir. Ölkə Prezidenti
İlham Əliyevin iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində Azərbaycan
Televiziyasına verdiyi müsahibə zamanı söylədiyi fikirlərdən də bir daha əmin
olduq ki, Azərbaycan tərəqqi yolunda uğurla addımlayır. Dövlət
başçısı qeyd etmişdir ki, istifadəyə verilən obyektlər regionların hərtərəfli
inkişafına xidmət edir. Sağlam həyat tərzinə və idmanın inkişafına
Azərbaycanda xüsusi diqqət yetirilir. Goranboy rayonunda istifadəyə verilən
kompleksi nəzərə almaqla Azərbaycanda 48 idman kompleksi fəaliyyət göstərir.
Rayonlarımızın əksəriyyətində ən müasir idman qurğuları var. Prezident İlham Əliyev həmçinin vurğulamışdır ki,
Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməlidir. Naftalanda yeni
sanatoriyanın açılması şəhərin turizm potensialını artırır. Mövcud sahəyə böyük
investisiyalar cəlb olunub və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir.
Burada bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonaları
olmalıdır. Azərbaycan vətəndaşları ilə yanaşı, xarici qonaqlar da bundan
istifadə etməlidir. Sovet vaxtında Naftalana Sovet İttifaqının müxtəlif
yerlərindən ildə 50-60 min turist gəlirdi. Təqribən son 15 il ərzində görülmüş
işlər nəticəsində burada qalacaq turistlər üçün 2300-dən çox yer artıq
istifadəyə verilibdir və bu proses davam edir. Bu zona vahid bir turizm məkanı
olacaq. Naftalana gələn qonaqların ölkəmizlə tanış olmaları üçün gərək daha
geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər. Bu
mənada işğaldan azad olunmuş Suqovuşan qəsəbəsi də çox mənzərəli bir yerdir. Ölkə
başçısı onu da qeyd etmişdir ki, kənd təsərrüfatının inkişafı üçün böyük işlər
görülüb. Şəmkir su kanalı çəkilibdir, uzunluğu təqribən 30
kilometrə yaxındır. Bu kanal artıq 30 min hektardan çox torpağa suyun
verilməsini yaxşılaşdırır və bunun kənd təsərrüfatının inkişafına böyük köməyi
olubdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı
icra edilir. Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında digər
layihələr də icra edilib. Yollar, içməli su xətləri çəkilib, xəstəxanalar,
sosial obyektlər tikilib, iş yerləri yaradılıb, yəni, bu bölgə sürətlə inkişaf
edir və işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra bizim əsas
diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz,
regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır. Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən vahid
bir sistem kimi formalaşaraq beynəlxalq iqtisadi sistemdə baş verən yenilikləri
sürətlə mənimsəməkdədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin ardıcıl dəstəyi
sayəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, regionların inkişafı
istiqamətində kompleks tədbirlər həyata keçirilir. Dövlət başçısının
sərəncamlarına əsasən hazırlanmış dövlət proqramlarının həyata keçirilməsi
ölkəmizdə sosial iqtisadi inkişafa münbit zəmin yaradır. Bütün bu inkişaf fonunda isə Azərbaycan bütün dünyaya yeni dövlətçilik modelini
tanıdır. Ceyhunə HÜSEYNOVA, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş