Əsas Səhifə > Mədəniyyət > İnkişaf etmiş regionlar güclü dövlətin göstəricisidir

İnkişaf etmiş regionlar güclü dövlətin göstəricisidir


27-07-2021, 12:21


Azərbaycan Respublikasının regionları yeni inkişaf mərhələsinə qədəm qoyur. Ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və respublikamızı iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək dövlətin qarşısında əsas vəzifə kimi qoyulmuşdur. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaratmışdır.

Bu istiqamətdə işlərin daha da gücləndirilməsi məqsədilə dövlətimizin başçısı regionlara müntəzəm səfərlər edir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə bağlı verilən tapşırıqların icrası yerində yoxlanılır. Son illər ərzində Azərbaycan Prezidentinin bölgələrə yüzlərlə səfəri olmuşdur. Səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcmini göstərir. Eyni zamanda, bu onu göstərir ki, ölkə hərtərəfli inkişaf edir.

Ölkə Prezidenti İlham Əliyevin iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə zamanı söylədiyi fikirlərdən də bir daha əmin olduq ki, Azərbaycan tərəqqi yolunda uğurla addımlayır.

Dövlət başçısı qeyd etmişdir ki, istifadəyə verilən obyektlər regionların hərtərəfli inkişafına xidmət edir. Sağlam həyat tərzinə və idmanın inkişafına Azərbaycanda xüsusi diqqət yetirilir. Goranboy rayonunda istifadəyə verilən kompleksi nəzərə almaqla Azərbaycanda 48 idman kompleksi fəaliyyət göstərir. Rayonlarımızın əksəriyyətində ən müasir idman qurğuları var.

Prezident İlham Əliyev həmçinin vurğulamışdır ki, Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməlidir. Naftalanda yeni sanatoriyanın açılması şəhərin turizm potensialını artırır. Mövcud sahəyə böyük investisiyalar cəlb olunub və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir. Burada bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonaları olmalıdır. Azərbaycan vətəndaşları ilə yanaşı, xarici qonaqlar da bundan istifadə etməlidir. Sovet vaxtında Naftalana Sovet İttifaqının müxtəlif yerlərindən ildə 50-60 min turist gəlirdi. Təqribən son 15 il ərzində görülmüş işlər nəticəsində burada qalacaq turistlər üçün 2300-dən çox yer artıq istifadəyə verilibdir və bu proses davam edir. Bu zona vahid bir turizm məkanı olacaq. Naftalana gələn qonaqların ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər. Bu mənada işğaldan azad olunmuş Suqovuşan qəsəbəsi də çox mənzərəli bir yerdir.

Ölkə başçısı onu da qeyd etmişdir ki, kənd təsərrüfatının inkişafı üçün böyük işlər görülüb. Şəmkir su kanalı çəkilibdir, uzunluğu təqribən 30 kilometrə yaxındır. Bu kanal artıq 30 min hektardan çox torpağa suyun verilməsini yaxşılaşdırır və bunun kənd təsərrüfatının inkişafına böyük köməyi olubdur.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında digər layihələr də icra edilib. Yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb, yəni, bu bölgə sürətlə inkişaf edir və işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır.

Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən vahid bir sistem kimi formalaşaraq beynəlxalq iqtisadi sistemdə baş verən yenilikləri sürətlə mənimsəməkdədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin ardıcıl dəstəyi sayəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, regionların inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Dövlət başçısının sərəncamlarına əsasən hazırlanmış dövlət proqramlarının həyata keçirilməsi ölkəmizdə sosial iqtisadi inkişafa münbit zəmin yaradır. Bütün bu inkişaf fonunda isə Azərbaycan bütün dünyaya yeni dövlətçilik modelini tanıdır.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru


Geri qayıt