• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 5 May – “Xalçaçı Günü” qeyd olunub


Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, xalçaçıların heç vaxt öz peşə bayramlarını qeyd etdiyi gün olmayıb. Artıq beş ildir ki, "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün - mayın 5-i "Xalçaçı Günü” kimi qeyd olunur.

Xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin hamisi, Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi Ümummilli Liderimizin bizə bəxş etdiyi müstəqilliyimizin bəhrəsidir. Əgər müstəqil Azərbaycan olmasa idi, nə milli sənət növümüz olan xalçaçılıq belə geniş yayılardı, nə də Xalçaçı Günü qeyd olunardı.

Ümummilli Liderimizin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir. Ölkə Prezidentinin 5 may 2016-cı il tarixli Sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, şəhər və rayonlarımızda xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür. "Azərbaycan Respublikasında "Xalçaçı Günü” peşə bayramının təsis edilməsi haqqında” ölkə Prezidentinin 25 noyabr 2016-cı il tarixli Sərəncamı xalçaçılara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanımın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil edilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 May - "Xalçaçı Günü” münasibətilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialında xalçaçı xanımlarla görüş keçirilib.

Bu il "Xalçaçı Günü”ndə gənclər də xalçaçılarımızı diqqətdən kənar qoymayıblar. "Regional İnkişaf” İctimai Birliyi və "Azərxalça” ASC birlikdə milli-mədəni irsimizə hörmətlə gənclərin xalçaçılıq sənətinə olan diqqət və marağını nəzərə alaraq, "Azərxalçaya səyahət” adlı birgə layihə həyata keçiriblər.

Bu il "Xalçaçı Günü”ndə "Azərxalça” ASC rəhbərliyi xalçaçılıq sənətinin inkişafı və tərənnümündə rolu olan bütün əməkdaşlarını xüsusi Təşəkkürnamələrlə təbrik edib. Hər bir emalatxanada il ərzindəki xüsusi fəaliyyətinə görə fərqlənən dəyərli toxucular isə "Bazarstore” mağazalar şəbəkəsinin də dəstəyi ilə xüsusi hədiyyələrlə mükafatlandırılıblar. RİİB könüllülərinin köməyi ilə "Azərxalça” ASC-nin yaradılmasının və "Xalçaçı Günü”nün təsis edilməsinin 5 illiyi münasibətilə hazırlanan Təşəkkürnamələr xalçaçılara təqdim olunub.

Rayonda fəaliyyət göstərən təhsil müəssisələrindən Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Sosial fəaliyyətlər klubu"nun üzvləri də Pandemiya qaydalarına uyğun olaraq növbəli şəkildə 5 May - "Xalçaçı Günü" ilə bağlı "Azərxalça” ASC-nin Qazax filialında olublar.






"Azərxalça” ASC-nin Qazax filialının direktoru Razim İbrahimov gənclərə xalçaçılıq sənətinin, xüsusilə də Qazax xalçalarının sirləri barədə məlumat verib. Filialda gənclərə xalçanın ərsəyə gəlmə prosesini izləmək, peşəkarların təcrübəsini bölüşmək, eyni zamanda özlərini xalçaçılıqda sınamaq imkanı yaradılıb.  

Gənclər milli mənəvi dəyərimiz hesab olunan xalçaların ərsəyə gəlməsində əməyi olan bütün xalçaçılarımızın peşə bayramını təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra toxunması başa çatdırılmış xalçaların təqdimatı olub. Gənclər alqış sədaları altında xalçaların iplərini kəsiblər. Sonda xatirə şəkli çəkdirilib.






 














 

GOYEZEN.AZ



Facebook-da paylaş