Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirib
Azərbaycan xalqının qan yaddaşına əbədi
həkk olunan Xocalı soyqırımından 28 il ötür. Hər il
olduğu kimi, bu il də respublikamızda
Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş silsilə tədbirlər
keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər
planı”nın hazırlanması haqqında 13 fevral 2020-ci il tarixli Sərəncam
imzalayıb. 9-21/18 nömrəli Sərəncama əsasən Xocalı soyqırımının iyirmi səkkizinci
ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb. Həmin tədbirlər
planında mədəniyyət müəssisələrində də faciə qurbanlarının xatirəsinin yad
olunması öz əksini tapıb. Xocalı faciəsinin 28-ci ildönümü
ilə əlaqədar növbəti anım tədbiri Qazax şəhər 1 nömrəli Uşaq
Musiqi Məktəbinin kollektivi tərəfindən keçirilib. Mədəniyyət Mərkəzinin böyük
zalında keçirilən "Xocalı harayı” adlı ədəbi-bədii kompozisiyada Xocalı
soyqırımı qurbanlarının əziz xatirəsi yad edilib. Qazax şəhər 1 nömrəli Uşaq
Musiqi Məktəbinin direktoru Çiçək Maşayeva tədbiri giriş sözü ilə açaraq erməni millətçiləri tərəfindən 200 ildən
artıq müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə,
soyqırımı, təcavüzkarlıq siyasətindən danışıb və Xocalı soyqırımının bu qanlı
siyasətin davamı olmasını bir daha vurğulayıb. Tədbirdə iştirak edən Ağstafa
Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli
Şurasının Qazax rayonu üzrə koordinatoru Akif Əmirov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon
Komitəsinin sədri İsgəndər Qurbanov Xocalı soyqırımında xalqımızın başına
açılan fəlakətlərdən söz açıblar. 1992-ci
il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinə
hücuma keçməsini, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq
normalarını pozaraq oraya zirehli texnika yeritməsini, şəhərin dinc əhalisinə
misli görünməmiş qəddarlıqla divan tutulmasını insanlığa qarşı atılan ən qəddar
addım olaraq göstəriblər. Bildirilib ki, həmin soyqırımı zamanı Ermənistan
silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63
uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək
işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın
taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən
xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən
birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə
- azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz
qalıb və şikəst ediliblər. Çıxış edənlər bütün faciələrə olduğu kimi, Xocalı
faciəsinə də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə
qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyini, fevralın 26-nın Xocalı
Soyqırımı Günü elan edildiyini bildiriblər. 2008-ci ildən Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış "Xocalıya ədalət!”
beynəlxalq kampaniyasının isə bu istiqamətdə təbliğat işini daha da fəallaşdırdığını
vurğulayıblar. Tədbirdə Xocalı dəhşətlərini özündə
əks etdirən şeirlər, musiqi nömrələri ifa olunub. Müəllim və şagirdlərin
ifasında hazırlanmış ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş