Əsas Səhifə > Mədəniyyət > Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirib

Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirib


25-02-2020, 11:03

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunan Xocalı soyqırımından 28 il ötür. Hər il olduğu kimi, bu il də respublikamızda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral 2020-ci il tarixli Sərəncam imzalayıb. 9-21/18 nömrəli Sərəncama əsasən Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planında mədəniyyət müəssisələrində də faciə qurbanlarının xatirəsinin yad olunması öz əksini tapıb.

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar növbəti anım tədbiri Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi tərəfindən keçirilib. Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən "Xocalı harayı” adlı ədəbi-bədii kompozisiyada Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi yad edilib.

Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Çiçək Maşayeva tədbiri giriş sözü ilə açaraq erməni millətçiləri tərəfindən 200 ildən artıq müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı, təcavüzkarlıq siyasətindən danışıb və Xocalı soyqırımının bu qanlı siyasətin davamı olmasını bir daha vurğulayıb.

Tədbirdə iştirak edən Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının Qazax rayonu üzrə koordinatoru Akif Əmirov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov Xocalı soyqırımında xalqımızın başına açılan fəlakətlərdən söz açıblar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinə hücuma keçməsini, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritməsini, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutulmasını insanlığa qarşı atılan ən qəddar addım olaraq göstəriblər. Bildirilib ki, həmin soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Çıxış edənlər bütün faciələrə olduğu kimi, Xocalı faciəsinə də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyini, fevralın 26-nın Xocalı Soyqırımı Günü elan edildiyini bildiriblər. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının isə bu istiqamətdə təbliğat işini daha da fəallaşdırdığını vurğulayıblar.

Tədbirdə Xocalı dəhşətlərini özündə əks etdirən şeirlər, musiqi nömrələri ifa olunub. Müəllim və şagirdlərin ifasında hazırlanmış ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.












 

GOYEZEN.AZ


Geri qayıt