“20 Yanvar - şərəf və qəhrəmanlıq tariximizdir" adlı ədəbi-bədii kompozisiya keçirilib
Bu gün Qazax Rayon Mədəniyyət Mərkəzində 20 Yanvar
faciəsinin otuzuncu ildönümü ilə əlaqədar "20 Yanvar - şərəf və qəhrəmanlıq
tariximizdir" adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbir Mədəniyyət Mərkəzinin qarşısında Mərkəzi Kitabxana Sisteminin təşkil
etdiyi "20 Yanvar–xalqımızın azadlıq, müstəqillik tarixi” adlı kitab sərgisinə
baxışla başlayıb. Sobra Mədəniyyət Mərkəzinin zalında davam etdirilən tədbirdə mədəniyyət işçiləri,
rayon ziyalıları, şairlər, məktəblilər iştirak ediblər. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Pəri Məmmədova
tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycan tarixinin qanlı səhifələrindən
olan 20 Yanvar faciəsindən 30 il ötməsinə baxmayaraq bu günü biz həmişə
xatırlamalıyıq. Hər addımı gülüstana çevrilən Azərbaycan haqqında danışarkən bu
günlərimiz üçün öz canlarını əsirgəməyən 20 Yanvar şəhidlərinin cəsarəti, qəhrəmanlığı
əsla unudulmamalıdır. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin tarixi hadisələrə
yanaşma nümunəsi hadisələrin gənc nəslin yaddaşına yazılması prosesində hər
birimiz üçün tarixi bir dərsdir. Biz 20 Yanvar faciəsini Ulu Öndərin dediyi
kimi təkcə faciə kimi deyil, həm də müasir tariximizin şanlı səhifələrindən
biri kimi xatırlamalıyıq. Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri
İsgəndər Qurbanov, Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, Mərkəzin mədəni
təşkilatçısı Nailə Əliyeva, Mərkəzi Kitabxana Sisteminin direktoru Solmaz Babanlı
20 Yanvar hadisələri haqqında fikirlərini bölüşüblər. Bugünkü gəncliyi Azərbaycanın
tarixini, dünənini, keçmişini, eləcə də qan yaddaşımız olan bu cür hadisələri
öyrənməyi və unutmamağı tövsiyə ediblər. Şairlərdən Bilal Qoca, Tamella Poladlı və Gülsənəm Cəlili öz ürək sözlərini
çatdıraraq 20 Yanvar şəhidlərinin xatirəsinə həsr etdikləri şeirlərini
oxuyublar. Tədbir Mədəniyyət Mərkəzinin bədii rəhbəri Nofəl Əliyevin hazırladığı
musiqili ədəbi-bədii kompozisiya ilə
başa çatıb.
GOYEZEN.AZ
Facebook-da paylaş