• Təqvim

  • Maraq



Ulu öndər Heydər Əliyevin xalqımız üçün xidmətləri danılmazdır


Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik tarixində əvəzsiz xidmətləri hər bir azərbaycanlının yaddaşında dərin hörmətlə xatırlanır. Ulu öndərin Azərbaycan üçün gördüyü işlərin nəticəsini, onun xalqımızın rifahı üçün fəaliyyətini bu gün hər bir vətəndaşımız hiss edir.  Məhz dahi şəxsiyyətin qətiyyəti sayəsində Azərbaycan müstəqil dövlət kimi möhkəmlənib, ölkəmiz inkişaf edib. Bu baxımdan ulu öndər Heydər Əliyevin xalqımız üçün xidmətləri danılmazdır. Odur ki, ömrünü Azərbaycan xalqının parlaq gələcəyinə həsr etmiş dahi şəxsiyyətin gördüyü işlər bu gün hər birimiz üçün örnək olmalıdır.

Qazaxda da dahi şəxsiyyətin əziz xatirəsi hər zaman böyük ehtiramla yad olunur. Ulu öndərin anım günü ilə bağlı hər il "Açıq qapı” günləri keçirilir.

Artıq dekabrın 3-dən etibarən Qazax rayon Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin anım günü ilə əlaqədar  "Açıq qapı” günlərinə start verilib.

Ulu öndərin siyasi irsini təbliğ etmək məqsədilə təşkil olunmuş "Açıq qapı” günlərində ulu öndərin Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələr bir daha xatırlanır, dahi şəxsiyyət böyük hörmət və ehtiramla yad edilir.

Bu məqsədlə rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar. 

Sonra iştirakçılar muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Qurtuluş mübarizəsinin qalibi-Heydər Əliyev" başlıqlı sərgi ilə tanış olurlar. Eyni zamanda, ulu öndərə həsr olunmuş mühazirələr dinləyir və filmlərə baxırlar.

Artıq 4 gündür ki, davam edən "Açıq qapı” günlərinin bugünkü iştirakçıları isə Qazax Elektrik Şəbəkəsinin, Mədəniyyət Mərkəzinin, "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun, 10 saylı Qazax Regional Mətbuatyayımı İdarəsinin, Qazax Dövlət Dram Teatrının kollektivləri, N.Vəliyev adına şəhər 5 saylı və Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəblərin yuxarı sinif şagirdləri olub. Ümumilikdə 500-ə yaxın adam ulu öndərin abidəsini ziyarət edərək əziz xatirəsini anıblar.

Məlumat üçün qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcəkdir.








GOYEZEN.AZ



Facebook-da paylaş