• Təqvim

  • Maraq



“Bizə böyük sevinc nəsib eylədin!”


Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən, məqsədyönlü və düşünülmüş siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib. Müdrik liderin möhkəm iradəsinin və dəmir yumuruğunun sayəsində müstəqil, suveren dövlətimiz möhtəşəm tarixi qələbələr qazanmaqda davam edir. Bu gün fəxr və qürurla deyə bilərik ki, 2024-cü il ölkəmizdə bir çox önəmli hadisələrlə yadda qaldı.

Ölkə Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa etdiyi müraciətində səsləndirdiyi kimi, 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib”.

Bəli, "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandan 2024-cü ildə xalqımıza, qazaxlılara daha bir qələbə sevincini yaşatdı. 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixləri xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində 2024-cü il aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunması, mayın 15-də müvafiq protokolun imzalanması, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsi dövlətimizin, Müzəffər Ali Baş Komandanın növbəti uğuru, zəfəri oldu. Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, yaxın zamanda Qazaxın kəndləri də yenidən qurulacaq, yeni evlər salınacaq, infrastrukturlar inşa olunacaq, çoxsaylı layihələr icra ediləcək, sakinlər öz doğma yurdlarına qayıdacaqlar. 

Qürurverici olan odur ki, rəşadətli Azərbaycan Ordusunun mətinliyi, mübarizliyi, əzmi, igidliyi, qəhrəmanlığı bu gün də hər bir ölkə vətəndaşı tərəfindən böyük minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır. Xalq olaraq üçrəngli Azərbaycan Bayrağının doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, eləcə də işğaldan azad edilmiş digər torpaqlarımızda dalğalanmasına görə özlərini Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna borclu bilirlər.


Şair, Qaymaqlı kənd Folklor evinin müdiri Kazım Kazımlı da Azərbaycan Ordusunun gücünü, qüdrətini, istər Vətən müharibəsində, istərsə də digər döyüşlərdə əldə etdiyimiz şanlı zəfərləri, tarixi qələbələri öz şeirlərində vəsf edir. Müzəffər Ali Bş Komandana, əsgər və zabitlərimizə, hərbçilərimizə olan istəyini, minnətdarlığını sözlərin dili ilə şeirlərində çatdırır. Rəşadətli Azərbaycan Ordusuna və onun Ali Baş Komandanı İlham Əliyevə eşq olsun deyir.

Şair Kazım Kazımlı Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını Müzəffər Ali Baş Komandanın, əsgər və zabitlərimizin növbəti şanlı qələbəsi kimi qiymətləndirir və buna görə ziyalılar adından minnətdarlıq edir. Səmimi ürək sözlərini, arzularını, sevinc hisslərini isə qələmə aldığı saysız-hesabsız qələbə ruhlu şeirlərində oxucularının diqqətinə çatdırır.

“Bizə böyük sevinc nəsib eylədin!”

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevə 

 

Yaşa, cənab Ali Baş Komandanım,

Bizə böyük sevinc nəsib eylədin. 

Qayıtdı Qazağın dörd para kəndi, 

Bizə böyük sevinc nəsib eylədin.

 

Düşmən təslim oldu bizim qüdrətə,

Nöqtə qoydun otuz illik həsrətə.

Əbədi yaxşılıq etdin millətə, 

Bizə böyük sevinc nəsib eylədin.

 

Unutmaq olarmı mart gecəsini, 

O ildə Bağanıs faciəsini.

Yanan insanların fəryad səsini,

Bizə böyük sevinc nəsib eylədin.

 

Bağanıs, Xeyrımlı, Qızılhacılı,

Əskipara ömür sürdü acılı.

Açıldı kəndlərin bağlanan yolu, 

Bizə böyük sevinc nəsib eylədin.

 

Qayıdar Sofulu, Barxudarlımız, 

Qayıdar Yuxarı Əskiparamız.

İnşallah, sağalar tamam yaramız, 

Bizə böyük sevinc nəsib eylədin.

 

Düşmən yoxa çıxıb rədd olacaqdır,

Bilirəm kafirlər pərt olacaqdır.

Sərhəd dirəkləri sədd olacaqdır,

Bizə böyük sevinc nəsib eylədin.

 

Bizim idi, bizim oldu torpaqlar, 

Alışıb-yanacaq sönən ocaqlar.

Gülüb-oynayacaq yenə uşaqlar,

Bizə böyük sevinc nəsib eylədin.

 

Kazım deyir mənim şahım-sultanım, 

Adına qurbandı bu şair canım.

Sizinlə fəxr edir Azərbaycanım,

Bizə böyük sevinc nəsib eylədin.



Facebook-da paylaş