İcra başçısı Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbədə sakinlərlə görüşərək onların bayramını təbrik edib
Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən, məqsədyönlü və düşünülmüş siyasəti sayəsində Azərbaycan dövləti möhtəşəm qələbələr qazanmaqda davam edir. Müdrik liderin möhkəm iradəsi, dəmir yumuruğu sayəsində 2024-cü ildə daha bir uğura imza atdıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa etdiyi müraciətində söylədiyi kimi, “2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib”.
Bəli, Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması dövlətimizin daha bir qələbəsi oldu ki, bu qələbəni bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev bəxş etdi. Qazax rayonunun Qazaxbəyli kəndində yerləşən Yeni qəsəbədə məskunlaşan sakinlər də doğma yurdlarını onlara qaytaran Müzəffər Ali Baş Komandanla qürur duyurlar.
Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə yanaşı, məcburi köçkün ailələrinə hər zaman qayğı göstərilib və bu, bu gün də belədir. Onları narahat edən məsələlərə hər zaman həssaslıqla yanaşılır. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən də olduğu kimi icra edilir. Rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kənd sakinlərinin məskunlaşdığı rayonun Qazaxbəyli kəndində yerləşən Yeni qəsəbədə olması, burada yaşayan sakinlərlə görüş keçirməsi, onlar tərəfindən qaldırılan hər bir məsələyə qayğı ilə yanaşması bunun bariz nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər zaman olduğu kimi, yeni ilin ilk günündə - yanvarın 1-də məcburi köçkünlərin yanında olub. Rayon rəhbəri icra aparatının məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Qazaxbəyli kəndində yerləşən Yeni qəsəbədə olub, burada yaşayan bir qrup məcburi köçkünlə görüşüb.
İcra başçısı sakinləri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək səmimi arzularını çatdırıb. Uzun illər Vətən həsrəti çəkən sakinləri doğma kəndlərinin qaytarılması münasibətilə bir daha təbrik edib, xoş arzularını bölüşüb. “"Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandan 2024-cü ildə xalqımıza, qazaxlılara daha bir qələbə sevincini yaşatdı”, - deyə qeyd edən icra başçısı 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu bildirib. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunmasını, mayın 15-də müvafiq protokolun imzalanmasını, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsini dövlətimizin, Müzəffər Ali Baş Komandanın növbəti uğuru, zəfəri kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, yaxın zamanda Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. Ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən məcburi köçkün ailələrinə göstərilən dövlət qayğısından danışan rayon rəhbəri bu qayğının bu gün də ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. İcra başçısı dövlətin, ölkə başçısının məcburi köçkün ailələrinə olan qayğısını əldə rəhbər tutaraq onların qayğılarına hər zaman həssaslıqla yanaşdığını qeyd edib.
Kənd sakinləri çıxış edərək hər zaman Müzəffər Ali Baş Komandana inandıqlarını, Onun müdrik siyasəti, qətiyyətli mövqeyi sayəsində işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Qazaxın kəndlərinin qaytarılacağına hər zaman əmin olduqlarını söyləyiblər. Məhz 19 aprel, 15 və 24 may tarixlərinin onları yanıltmadığını, bu əminliklərinin gerçək olduğunu qeyd ediblər. Doğma yurda qovuşmağın sevincini yaşayan sakinlər bu xoşbəxtiyi onlara bəxş edən Müzəffər Ali Baş Komandana qazaxlılar, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlər adından dərin minnətdarlıqlarını bildiriblər. “Qalan ömrümüzü işğaldan azad olunmuş torpaqlarımızda, azad edilmiş kəndlərimizdə inşa ediləcək yeni evlərimizdə yaşayacağıq. Bu, dövlətimizin, ölkə Prezidentimizin biz məcburi köçkünlərə bəxş etdiyi ən böyük xoşbəxtlikdir”, - söyləyən sakinlər o günün elə də uzaqda olmadığını qeyd ediblər.
Facebook-da paylaş