Qazaxda 5 Dekabr – Beynəlxalq Könüllülər Gününə həsr olunmuş “Sən də könüllü ol!” adlı tədbir keçirilib
Məlum olduğu kimi, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Hazırda dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən və sözün bütün mənalarında, dünyanı gözəlləşdirməyə çalışan insanların sayı on milyonlarladır. Prezident İlham Əliyevin çıxışlarında hər zaman gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmalarının vacibliyini önə çəkməsi, Azərbaycanda könüllülük hərəkatının indiki səviyyədə inkişaf etməsi məhz həmin vətənpərvərlik ruhunun, vətəndaşlıq mövqeyinin, milli təəssübkeşliyin parlaq örnəyi hesab edilir. Əminliklə deyə bilərik ki, ölkə Prezidenti İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi ilə bu hərəkat daha mütəşəkkil xarakter aldı. Eyni zamanda, “Könüllülər ili” gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli şəkildə faydalanmaq məqsədlərini də özündə nümayiş etdirdi. Bu Sərəncam bir daha Azərbaycan gəncliyinə göstərilən böyük etimad, gənclərimizin potensialına olan tükənməz inamın göstəricisi, eyni zamanda, könüllü gənclərimizin fəaliyyətinə verilən ən yüksək dəyər oldu.
Dekabrın 4-də Qazax Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə 5 Dekabr – Beynəlxalq Könüllülər Gününə həsr olunmuş “Sən də könüllü ol!” adlı tədbir keçirilib.
Filialın akt zalında təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, filialın tələbələri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri olan könüllülər, gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə gəncləri təbrik edib, xoş arzularını səsləndirib. A.Rüstəmov rayon rəhbərliyinin filiala olan qayğısından söz açaraq gənclərlə, könüllülərlə olan bugünkü görüşün məhz filialda təşkil olunmasını onlara olan qayğının bariz nümunəsi kimi qiymətəndirib. İstər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyi, göstərilən qayğını, səmimi münasibəti hər zaman razılıqla qarşıladıqlarını diqqətə çatdırıb. A.Rüstəmov respublikamızda, eləcə də bölgələrimizdə gənclərlə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ziyalılar adından minnətdarlığını bildirib. Qazaxda təhsil sahəsinə, müəllimlərə, ziyalılara, o cümlədən gələcəyimiz olan gənclərə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə bir daha təşəkkürünü çatdırıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə gəncləri, könüllüləri təbrik edib, səmimi ürək sözlərini bölüşüb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edən icra başçısı bu gün ölkəmizdə gənclərin inkişaf etməsi üçün hər cür imkan və şərait yaradıldığını bildirib. Respublika Prezidentinin 9 fevral 2007-ci il tarixli Sərəncamı ilə 2007-ci ilin "Gənclər ili", 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsini həmin uğurlu siyasətin və gənclərə olan qayğının bariz nümunəsi kimi qeyd edib. İcra başçısı ölkə rəhbərinin bu Sərəncamını gənclərimizin yeni ideyalarının daha geniş vüsət alması, ölkə həyatının bütün sferalarında yeni nəfəs və innovativ düşüncənin bərqərar olması üçün yaradılan şans, əlverişli fürsət kimi dəyərləndirib.
“Könüllü kimi fəaliyyət göstərən hər bir gənc gələcəyin uğurlu kadrı hesab edilir. Müstəqil Azərbaycanın gələcəyi siz gənclərin, könüllülərin əlindədir”, - deyən icra başçısı onlar üçün yaradılan bu şansı layiqincə dəyərləndirməyi və öz töhfələrini vermələrini tövsiyə edib. Rayon rəhbəri “Könüllülər ili”nin gənclərin könüllülük fəaliyyətlərinin geniş vüsət almasında mühüm rol oynadığını söyləyib. Ötən ay ölkəmizdə keçirilən COP29 kimi mötəbər tədbirin təşkilində könüllülərin də öz töhfələrini verdiklərini, təşkilati işlərdə böyük həvəslə, məsuliyyətlə çalışdıqlarını vurğulayıb. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən gənclərə qayğı göstərdiyini qeyd edərək həmin qayğının bundan sonra da davam etdiriləcəyini, hər zaman onlara dəstək olmağa hazır olduğunu bildirib. İcra başçısı Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurası üzvlərinin ötən müddət ərzində gördükləri işlərdən, şura üzvlərinin rayonda keçirilən tədbirlərdə fəal iştiraklarından, irəli sürdükləri nümunəvi təşəbbüslərdən söz açaraq bütün bunları yüksək qiymətləndirib. Rayon rəhbəri şura üzvləri olaraq könüllülük fəaliyyətləri dövründə bundan sonra da fəallıq göstərəcəklərinə, fəal gənclər olaraq öz töhfələrini verəcəklərinə bir daha əminliyini vurğulayıb.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə səmimi təbriklərini çatdırıb. Ə.Məsmalıyev qeyd edib ki, ölkəmizdə həyata keçirilən gənclər siyasəti gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ümummilli Lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. Ə.Məsmalıyev vurğulayıb ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Ə.Məsmalıyev könüllük fəaliyyəti ilə məşğul olan gənclərin bu gün nümunəvi təşəbbüsləri, savadları, bacarıqları, qabiliyyətləri, ölkəmizi layiqincə təmsil etmələri, qazandıqları uğurlu nailiyyətləri ilə hər zaman onlara olan etimadı doğrultduqlarını söyləyib. Bundan sonra da ölkəmizin inkişafı naminə gələcək fəaliyyətlərində uğurlu nəticələr əldə etmələrini arzulayıb.
Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova çıxış edərək vurğulayıb ki, bu gün bizim üçün çox dəyərli və mənalı bir gündür. Bu gün burada dayanaraq sizlərlə birlikdə Beynəlxalq Könüllülər Gününü qeyd etmək hər bir könüllü üçün həm böyük bir qürur, həm də sonsuz sevincdir. 5 Dekabr - Beynəlxalq Könüllülər Günü, yalnız könüllüləri təbrik etmək üçün deyil, onların əzmkarlığını, insanlıq adına göstərdikləri fədakarlığı və cəmiyyətə verdikləri misilsiz töhfəni qeyd etmək üçün bir fürsətdir. P.İbrahimova bildirib ki, könüllü olmaq sevgi ilə, təmənnasız şəkildə insanlara yardım etmək, cəmiyyətə fayda yaratmaq, qarşılıq gözləmədən paylaşmağın gözəlliyini yaşamaqdır. Könüllülər o insanlardır ki, qarşılıq gözləmədən, ürəkdən, sevgi ilə çalışır, başqalarının həyatına dəyər qatmağa can atır. Onların hər bir addımı cəmiyyətin gələcəyi üçün böyük bir töhfədir. Qazax rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurası olaraq, biz də fəxrlə deyə bilərik ki, könüllülük prinsiplərinə sadiq qalmış, cəmiyyətin inkişafına xidmət edən çoxşaxəli fəaliyyətlər həyata keçirmişik. Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurası olaraq, 2019-cu ildən bu yana könüllülük fəaliyyətlərini geniş şəkildə dəstəkləyir və bu prinsipləri rəhbər tutaraq gənclərlə işləyirik. Şura olaraq həyata keçirdiyimiz hər bir layihə könüllülərin fədakarlığı, əzmi və enerjisi sayəsində uğur qazanıb. Şura Qazax Rayon İcra Hakimiyyətinin davamlı dəstəyi ilə fəaliyyət göstərir. Məşvərət Şurası olaraq, əsas məqsədimiz rayon gənclərimizi inkişaf etdirmək, onları faydalı fəaliyyətlərə cəlb etmək və onların potensialını üzə çıxarmaqdır. Bu günə qədər bu missiyanı uğurla icra etmişik və inanırıq ki, bu yolda daha böyük nailiyyətlər əldə edəcəyik. Könüllülük dəyərlərini öz işimizin əsas prinsipi kimi qəbul edərək, bir-birindən maraqlı və unikal layihələr reallaşdırmışıq. Hər zaman diqqət çəkməyi və yaxşı mənada fərqlənməyi bacarmışıq. Məşvərət Şurası olaraq, hər zaman çalışmışıq ki, gənclərimizin potensialını üzə çıxaraq, onların cəmiyyət üçün faydalı olmasına dəstək verək. Bu gün fəxrlə deyə bilərik ki, komandamızla birlikdə bir çox uğurlu layihələrə imza atmışıq və qarşıdakı illərdə də daha böyük işlər görməyə hazırıq. P.İbrahimova sonda bir daha 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə başda Şura gəncləri olmaqla bütün könüllüləri təbrik edib, könüllülük ruhunu yaşadaraq bu amal uğrunda birlikdə irəliləməyi arzulayıb.
Görüşdə könüllülər çıxış edərək gənclərə göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşü və onlara olan səmimi münasibəti razılıq hissi ilə qeyd edən gənclər Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini ifadə ediblər. Ölkəmizdə 2015-ci ildən başlayaraq geniş vüsət alan könüllülük fəaliyyətini və bu sahənin inkişaf etdirilməsi istiqamətində görülən işləri, atılan uğurlu addımları qeyd edən gənclər bu cür addımları Azərbaycanda gənclər ordusuna verilən yüksək qiymət kimi vurğulayıblar. Hər bir gəncin arxasında güclü Azərbaycan dövlətinin və gənclərə daim qayğı göstərən ölkə başçısının dayandığını bildirən könüllülər bunun bariz nümunəsi kimi 2020-ci ilin məhz “Könüllülər ili” elan edilməsini göstəriblər. Gənclər, xüsusilə də rayonda fəaliyyət göstərən könüllülər onlara göstərilən etimadı bundan sonra da layiqincə doğrultmağa çalışacaqlarına, onlara verilən şansı hər zaman səmərəli şəkildə dəyərləndirəcəklərinə söz veriblər.
Görüşdə könüllülər bir sıra maraqlı təkliflər də irəli sürüblər. Rayon rəhbəri hər bir gənci diqqətlə dinləyərək onlar tərəfindən səslənən hər bir təklifə, istəyə həssaslıqla yanaşılacağını bildirib və sonda hər birinə bir daha uğurlar arzulayıb.
Tədbirdə 5 Dekabr – Beynəlxalq Könüllülər Günü ilə əlaqədar könüllülük fəaliyyətinin təbliğində və inkişafında göstərdikləri səmərəli fəaliyyətlərinə görə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Məsmalıyev Əziz Tanrıverdi oğlu və Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri İbrahimova Pəri Vidadi qızı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.
Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvü olan bir qrup könüllü isə 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanla təltif olunublar.
Sonda rayon rəhbərliyi könüllülərlə xatirə şəkli çəkdirib.
Facebook-da paylaş