İcra başçısı Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin ailəsi üçün yeni inşa edilmiş evdə aparılan son tamamlanma işləri ilə tanış olub
"Arkoz Qazax Sement Zavodu” MMC-dən daha bir nümunəvi addım
Fəaliyyətə başladığı ilk gündən tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyan "Arkoz Qazax Sement Zavodu” MMC (əvvəlki adı "Qazax Sement Zavodu” MMC) Azərbaycanın iri sement istehsalçılarından biri olaraq illərdir ki, böyük layihələrə imza atır. Zavod fəaliyyəti dövründə öz xeyirxah əməlləri ilə hər zaman seçilir, rayonda görülən işlərə öz töhfəsini verir. Bunu zavodun yerləşdiyi Daş Salahlı kəndində həyata keçirdiyi sosial layihələr, çoxsaylı işlər söyləməyə əsas verir. Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı Uşaq bağçasının və 3 saylı Körpələr Evi-Uşaq bağçasının əsaslı şəkildə yenidən qurularaq körpə balaların istifadəsinə verilməsi dediklərimizin bariz nümunəsidir. Bundan başqa, pandemiya dövründə ölkə Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışını əldə rəhbər tutaraq, şəhid ailələrinə, müharibə əlillərinə, aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatların çatdırılması söylədiklərimizin əyani sübutudur.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman örnək götürülür. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrini, yaralılarımızı, qazilərimizi ziyarət edir, qayğıları ilə maraqlanır.
Təqdirəlayiq haldır ki, rayonda fəaliyyət göstərən "Arkoz Qazax Sement Zavodu” MMC də dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğını hər zaman öz fəaliyyətində örnək götürür. Xeyirxah əməllərini davam etdirərək öz ənənəsinə sadiq qalan zavod rəhbərliyi şəhid ailələrinə, qazilərimizə daim diqqət və qayğı göstərir, onların sosial problemlərinin, qayğılarının həlli istiqamətində nümunəvi addımlar atır. Bu qayğının nəticəsidir ki, bu gün zavodda xeyli sayda şəhid ailələrinin üzvləri çalışır.
Zavod tərəfindən Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtüyünün vurulması, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili (MAHHXHQ) Rəhimov Fəqan Fazil oğlunun yaşadığı evin əsaslı şəkildə yenidən qurulması, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi xidmət etmiş, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş gizir Əhmədov Elvin Qələndər oğlunun evinin əsaslı şəkildə təmir olunması dediklərimizin əyani sübutudur.
Öz ənənəsinə sadiq qalaraq xeyirxah əməllərə imza atan "Arkoz Qazax Sement Zavodu” MMC bu gün də nümunəvi işlərini davam etdirir. Belə ki, zavod rəhbərliyi bu dəfə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Abdullayev Sərxan Elxan oğlunun ailəsinin səsinə səs verib. 2 övladı xəstə olan şəhidimizin atasının zavod və rayon rəhbərliyinə etdiyi müraciəti cavabsız qoymayıb.
İyunun 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, "Arkoz Qazax Sement Zavodu” MMC-nin Hüquq məsələləri üzrə direktor müavini Hikmət Əliyev və İnzibati işlər və nəzarət üzrə direktor müavini Nahid Salehov və digər əməkdaşların Ağstafa rayonunun Dağ Kəsəmən kəndində şəhidimizin ailəsinə tikiləcək ev üçün ayrılmış ərazidə olması barədə məlumat vermişdik.
Budur, artıq 3 ay keçib və şəhidimizin ailəsi üçün özünün də arzuladığı kimi ev inşa edilib. Hazırda son tamamlanma işləri aparılır. Yaxın zamanda şəhidimizin ailəsi üçün tikilən ev onun ailə üzvlərinə təqdim olunacaq.
Oktyabrın 3-də icra başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və zavodun əməkdaşları ilə birlikdə şəhidimizin ailəsi üçün tikilmiş evdə aparılan son tamamlanma işləri ilə tanış olub.
Rayon rəhbəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun dəmir yumruğu ətrafında birləşərək 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan Sərxan Abdullayev və onun kimi igid oğullarımızla hər bir Azərbaycan vətəndaşının qürur duyduğu bildirib. Rayon rəhbəri istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər vaxtlarda Şəhidlik zirvəsinə ucalmış bütün şəhidlərimizin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini vurğulayıb. İcra başçısı fəaliyyətə başladığı ilk gündən Zavodun rayonda bir çox layihələrə imza atdıqlarını, xüsusilə də şəhid ailələrinə, müharibə əlillərinə, aztəminatlı ailələrə qayğı göstərdiklərini, dəstək olduqlarını söyləyib. Nümunəvi təşəbbüsünə görə şəhid ailələri adından "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə və kollektivinə bir daha təşəkkürünü çatdıran rayon rəhbəri bu cür layihələrin icra olunmasını ölkə başçısının yürütdüyü uğurlu dövlət siyasətinin davamı kimi qiymətləndirib.
Şəhid atası Elxan Abdullayev də öz növbəsində razılığını bildirib. “Arkoz Qazax Sement Zavodunun şəhid ailələrinə olan qayğısını eşitmişdim. Bu gün isə şəhid övladımın ailəsinin timsalında bir daha şahidi oldum. Şəhid övladımın bizlərə əmanət etdiyi övladlarının səhhətində yaranmış problemlə bağlı onların həyət evində yaşamaları üçün yeni evin inşa edilməsi barədə zavod rəhbərliyinə müraciət etdim. Etdiyim müraciət cavabsız qalmadı və budur, nəticəsi də göz qabağındadır. 3 ay ötüb və övladımın ailəsi üçün arzulanan ev hazırdır. Şəhid övladımın ruhu şaddır, çünki onun balaları üçün özünün arzuladığı kimi belə gözəl ev inşa edildi. Dövlətimin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, rayon rəhbərliyinin qayğısını hər zaman hiss etmişik. Bu gün "Arkoz Qazax Sement Zavodu” MMC-nin bu nümunəvi addımı isə biz şəhid ailələrinə dövlətin növbəti qayğısı oldu. Bütün bunlara görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə və "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyi başda olmaqla, bütün əməkdaşlarına, evin inşasında əziyyəti keçən hər kəsə şəhid ailəsi olaraq minnətdarlığımı bildirirəm”, - deyə şəhid atası ürək sözlərini səsləndirib.
Gizir Abdullayev Sərxan Elxan oğlu 2 noyabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra Daxili Qoşunlarda gizir rütbəsində xidmətə başlamışdır.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri kimi xidmət edən igid Vətən oğlu 28.09.2020-ci il tarixdə Göygöl rayonunun Toğanalı kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olmuşdur. Sərxan Abdullayev 28.09.2020-ci ildə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Evli olan şəhid gizirimizin Orxan və Turan adlı iki oğul övladı yadigar qalıb.
Şəhid gizirin göstərdiyi igidlik hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Vaxtilə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş Sərxan Abdullayev ölümündən sonra da medallarla təltif edilmişdir. Şəhid gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Şəhərin Əliağa Şıxlinski küçəsində igid Vətən oğlunun adını əbədiləşdirən bulaq inşa olunub. Şəhərin Heydər Əliyev prospektində baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun vaxtilə təhsil aldıqları Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin həyətində şəhid məzunların xatirəsinə tikilən bulaqda igid Vətən oğlunun da adı var.
Facebook-da paylaş