• Təqvim

  • Maraq



Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan gizir İlham Şəmşiyev ildönümündə ehtiramla yad olunub


2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə yüksəldi. 

Yuxarı Salahlı kəndinin igid oğlu gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndinin igid oğlu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndinin igid oğlu əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri  zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər. 

Qəhrəman Vətən oğullarının yoxluğundan artıq 1 il keçir. Şanlı zəfəri, tarixi Qələbəni bizlərə bəxş edən oğullarımız bu gün bizim aramızda olmasalar belə qəlblərdə əbədi yaşayırlar. Azərbaycan xalqı igid Vətən övladlarını hər zaman hörmət və ehtiramla anacaq, gələcək nəsillərə örnək göstərəcəklər. Çünki qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürur və fəxarət hissi ilə qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. 


Sentyabrın 20-də qəhrəman şəhidimiz - gizir Şəmşiyev İlham Şakir oğlunun ildönümü mərasimi olub. 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə", Baş nazir Əli Əsədovun müvafiq Sərəncamına əsasən "Vətən müharibəsi iştirakçısı" medalları, ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni  “Vətən uğrunda” medalı ilə təltif olunmuş igid Vətən oğlu ildönümündə ehtiramla yad olunub. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri şəhidimizin ildönümü mərasimində iştirak edərək əziz xatirəsini dərin ehtiramla yad ediblər. Qəhrəman şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir dilənib.

Gizir Şəmşiyev İlham Şakir oğlu 9 aprel 1997-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur.  2003-cü ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2015-2016-cı illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. 2017-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu (MAHHXHQ) kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci il tarixdə başlamış Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 2022-ci ildə gizir hərbi rütbəsində xidmətini davam etdirib. Şəmşiyev İlham Şakir oğlu 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı N saylı Komando hərbi hissəsinin tərkibində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 20.09.2023-cü il tarixdə Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən gizir İlham Şəmşiyev "Xocavəndin azad olunmasına görə", Baş nazir Əli Əsədovun 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur.

Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən gizir Şəmşiyev İlham Şakir oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni  “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz gizir İlham Şəmşiyevin adı verilib.




Facebook-da paylaş