• Təqvim

  • Maraq



Qazaxda icra başçısı şəhid övladını müalicə aldığı xəstəxanada ziyarət edib


27 sentyabr və 10 noyabr! Bu rəqəmlər Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan uğurlu rəqəmlərdir. Azərbaycan xalqının tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı günlərdir. 27 sentyabr 2020-ci ildə Azərbaycan torpaqlarının ərazi bütövlüyü, tamlığı uğrunda haqq savaşına çıxdığımız tarixi gündür. 10 noyabra kimi 44 günlük bir yol qət etdik və sonunda Zəfər, Qələbə bizim oldu. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi  cəsur, mübariz Azərbaycan əsgərinin əli, şücaəti ilə yenidən yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əzəli Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması, Xocalının intiqamı uğrunda başladığı müqəddəs müharibənin böyük tarixi Qələbə ilə sona çatması xalqın və haqqın Qələbəsi kimi yaddaşlara yazıldı. 

2020-ci ilin 27 sentyabrında başlanan və 10 noyabr tarixinə kimi davam edən Vətən  müharibəsi haqqında hələ tarix kitablarında çox yazılacaq. Bu günümüzün hazırkı həqiqəti, reallığı isə  budur ki, Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin iradəsini, əqidəsini, mətinliyini, ordumuzun gücünü, qüdrətini, Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi.

Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizin ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

Vətən uğrunda canından keçərək Şəhidlik zivəsinə ucalan, daim qəlbimizdə yaşayan igid oğullarımızdan biri də döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş Vətən müharibəsi şəhidi çavuş Nəsibov Elməddin Yusif oğludur.


Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır.

Aprelin 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova ilə birlikdə M.T.Məmmədov adına “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə olub, Vətən müharibəsi şəhidi çavuş Elməddin Nəsibovun appendektomiyadan (kor bağırsaq) əməliyyat olunmuş övladı Nigar Nəsibovanı ziyarət edib. Şəhid övladının səhhəti ilə maraqlanan rayon rəhbəri onun tək olmadığını, hər zaman olduğu kimi, bu gün də qayğı ilə əhatə olunduğunu söyləyib. 


M.T.Məmmədov adına "Ağstafa Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Səyyad Yusifov, cərrah həkim Elvin Hacıyev şəhid övladının səhhəti barədə məlumat verərək əməliyyatın uğurlu keçdiyini, vəziyyətinin normal olduğunu, həkimlərin əlindən gələni əsirgəmədiyini, hər cür kömək göstərildiyini bildiriblər.

Şəhidin həyat yoldaşı Aksana Nəsibova şəhid ailəsi kimi hər zaman Elməddinin ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bugünkü ziyarəti onlara olan qayğının daha bir bariz nümunəsi kimi qiymətləndirib. A.Nəsibova övladına göstərilən qayğıya, səmimi münasibətə görə xəstəxananın kollektivinə razılığını ifadə edib.

Daha sonra rayon rəhbərliyi xəstəxanada əməliyyat olunmuş digər xəstəyə də baş çəkib, tezilklə salamlığına qovuşmasını arzulayıb.  

Şəhid Elməddin Nəsibov 8 avqust 1983-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1990-cı ildə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2001-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Orta təhsilli idi. 2001-ci ilin oktyabr ayında Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2003-cü ilin aprel ayında tərxis olunmuşdur.

12 may 2014-cü il tarixdən 28 iyun 2014-cü tarixədək “N” saylı hərbi hissədə “Pulemyot manqa komandiri” ixtisası üzrə tam kurs keçmişdir. 28 iyun 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olmuşdur. “N” saylı hərbi hissənin komandiri olmuşdur. 27 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 29 oktyabr 2020-ci ildə Qazax rayon Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Nəzrin və Nigar adlı iki qızı yadigar qalıb. 

Bütün şəhidlərimiz kimi Elməddin Nəsibovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhidimizin də adı var. Elməddin Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Qəhrəman şəhidimizin doğulduğu kənddə evinə gedən yolda adını əbədiləşdirən bulaq inşa olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.




Facebook-da paylaş