• Təqvim

  • Maraq



Qazaxda şəhid ailələri üçün iftar süfrəsi açılıb


Şəhidlik elə bir uca zirvədir ki, Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız illər keçsə də, bizim aramızda olmasalar belə hər zaman qəlblərdə əbədi yaşayacaqlar. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonundan Qarabağ müharibəsində ümumilikdə 348 nəfər Şəhidlik zirvəsinə yüksəlib. Onlardan 282 nəfəri Birinci Qarabağ müharibəsində, 3 nəfəri Aprel döyüşlərində, 3 nəfəri Birinci Qarabağ müharibəsindən sonrakı dövrlərdə xidməti vəzifələrini yerinə yetirərkən, 1 nəfəri Tovuz döyüşlərində, 49 nəfəri Vətən müharibəsində, 1 nəfəri Vətən müharibəsindən sonrakı dövrdə xidməti vəzifəsini yerinə yetirərkən, 1 nəfər mülki şəxs minaya düşərək, 3 nəfəri 2022-ci ilin sentyabr ayının 13-də erməni təxribatı nəticəsində, 5 nəfəri isə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalıb. Həmin şəhidlərdən ümumilikdə 78 nəfəri, onlardan 22 nəfəri Birinci Qarabağ müharibəsi şəhidləri, 56 nəfəri isə Vətən müharibəsi şəhidləri olmaqla, müxtəlif adda orden və medallarla təltif ediliblər. Birinci Qarabağ müharibəsi şəhidlərindən 7 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1 nəfəri “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Vətən müharibəsində 5 nəfər “Azərbaycan Bayrağı” ordeni, 2 nəfər “Qarabağ” ordeni, 4 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, habelə 49 nəfər müxtəlif adda 189 ədəd orden və medallarla təltif ediliblər. Vətən müharibəsində iştirak edən 242 nəfər hərbi qulluqçu 591 ədəd orden və medallarla təltif olunub. Bala Çaylı kəndinin igid oğlu polkovnik-leytenant Nicad Bədəlov isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın göstəricisidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda şəhidlərimizin ruhu daim əziz tutulur, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhuna ehtiram göstərərək onların ailələrinə, doğmalarına və yaxınlarına daim hörmətlə yanaşır. Hər zaman onların problemləri ilə yaxından maraqlanır, qarşılaşdıqları çatışmazlıqların həlli istiqamətində saysız-hesabsız işlər görür.

Hər bayram və əziz günlərdə rayonumuzda olan bütün şəhid ailələri rayon rəhbərliyi tərəfindən anılır. Artıq bu, Qazaxda ənənə halını alıb. Bütün bayram və əziz günlərdə olduğu kimi, Ramazan bayramında da şəhid ailələri unudulmayıb, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən onlar üçün iftar süfrəsi açılıb.

Martın 13-də “Qazax” şadlıq sarayında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri, yaxınları, doğmaları, ata, anaları, övladları iştirak ediblər.

 


Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax “Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhlarına yasin oxuyub, qəhrəmanlarımızın əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhid ailələrini salamlayıb, dəvəti qəbul edib tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirib, 11 ayın sultanı olan müqəddəs Ramazan bayramı münasibətilə ürək sözlərini bölüşüb, şəhid ailələrini səmimi qəlbdən təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı, tez zamanda sağalmalarını arzu edib. Rayon rəhbəri hər bayram olduğu kimi, müqəddəs Ramazan və qarşıdan gələn Novruz bayramları ərəfəsində şəhidlərimizi məzarları başında yad etdiyini, bu gün isə onların əzizləri ilə bir süfrə ətrafında olmağın qürurverici olduğunu ifadə edib. Rayon rəhbəri qalib dövlətin qalib xalqı olaraq bütün müsəlman dünyasının müqəddəs bayramı olan Ramazan bayramını alnıaçıq, üzüağ qeyd etmək imkanını yaradan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu vurğulayıb. İcra başçısı 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan oğullarımızın sayəsində doğma Xankəndinin və Xocalının düşməndən azad edildiyini, bu gün həmin ərazilərdə üçrəngli bayrağımızın dalğalandığını söyləyib. Rayon rəhbəri 15 oktyabr 2023-cü il tarixinin Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldığını, 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının qaldırıldığını qeyd edib. İcra başçısı bildirib ki, bu gün qalib, qəhrəman xalq olaraq qürurla danışırıqsa, bu adı daşıyırıqsa, bu, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına olub, buna görə onlara borcluyuq. 


Rayon rəhbəri qeyd edib ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq. “Şəhid ailəsi bilməlidir ki, onlara göstərilən qayğı tək bu gün üçün deyil, nə qədər Azərbaycan xalqı var, Azərbaycan dövləti var şəhid ailələri daim diqqət mərkəzində olacaq. Sizin övladlarınız tarix yazdılar, tarixi yaşatdılar”, - deyən rayon rəhbəri şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onlarla hər kəsin qürur duyacağını söyləyib. İcra başçısı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından söz açıb. "Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır", - deyən icra başçısı bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizin ailələri ilə süfrə ətrafında görüşməyi özünə borc bildiyini dilə gətirib. "Siz şəhid ailələri ilə bir süfrə ətrafında oturmaq bizim üçün fəxr və qürurvericidir. Sizin övladlarınızı, Vətən torpaqlarını canı bahasına azad edən şəhidlərimizi yad etmək bizim mənəvi borcumuzdur”, - deyən icra başçısı şəhid ailələrinə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.


Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək şəhid ailələrini salamlayıb, onlara müqəddəs Ramazan və qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi ürək sözlərini, arzularını çatdırıb. “Bu gün müqəddəs Ramazan və Novruz bayramları ərəfəsində masa arxasında oturub ürək sözlərimizi deyirik. Alnımız açıq, fikrimiz, sözümüz xalqımızla bir yerdə böyük işlər görürük. Bu, böyük nemətdir. Bu neməti, bu günü bizə yaşadan xalqımız və Prezidentimizdir. Ölkə başçısının siyasətidir. Dövlət başçısının siyasəti, Onun gördüyü işlər bu gün Qazax rayonunda olduğu kimi icra edilir. Hər gün bunun şahidi oluruq”, - deyən millət vəkili səmimi fikirlərini səsləndirib. S.Seyidov rayonda vətəndaşlara olan səmimi münasibətə, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə rayon rəhbərliyinə ziyalılar adından razılığını ifadə edib.


Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək bayramlar münasibətilə təbriklərini çatdırıb, səmimi ürək sözlərini bölüşüb. Şəhid atası bu il müqəddəs Ramazan və Novruz bayramını qalib, ərazi bütövlüyü bərpa olunmuş, Xankəndi və Xocalısı azad olunmuş xalq olaraq qeyd etdiyimizi vurğulayıb. “Bu bayramda xalqımıza birlik, səadət arzulayıram. Bizim üçün əziz olan Novruz bayramını doğma torpaqlarımızda qeyd edəcəyik. Şuşada çatılan Novruz tonqalımız bu il doğma Xankəndidə alovlanacaq. Qalib xalqımıza hər zaman belə xoş günlər yaraşır. Daim Prezidentimizin yanındayıq. Bu gün şəhidlərimizin də ruhu şaddır”, - deyən şəhid atası bütün şəhidlərimizlə qürur duyduğunu söyləyib. Şəhid atası istər övladlarının daim yad olunmasına, istərsə də dövlətin şəhid ailələrinə olan qayğısına görə razılıq edib, bugünkü iftar süfrəsinin açılmasını həmin qayğının davamı kimi qiymətləndirib. 


Vətən müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov çıxış edərək şəhid ailələrini, rayon rəhbərliyini salamlayıb, ürək sözlərini bölüşüb. Şəhid atası ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düzgün, uğurlu siyasəti, Azərbaycan Ordusnun rəşadəti, şəhidlərimizin, igid Vətən oğullarının qəhrəmanlığı sayəsində torpaqlarımızın düşmən tapdağından azad olunduğunu qeyd edib.


Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş gizir Amid Məmmədovun atası Müqabil Məmmədov çıxış edərək bayramlar münasibətilə təbriklərini, xoş arzularını çatdırıb. “Bu gün bizlər üçün çətin olsa da, bizlər övlad itirsək də qürurlanmalıyıq ki, torpaqlarımız azaddır. Körpə balalarımız azad yaşayacaqlar. Qürurlanmalıyıq ki, bu il Xankəndidə, Xocalıda da bayram tonqalımız yandırılacaq”, - deyən şəhid atası bütün bunlara görə Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. Şəhid atası onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına minnətdarlığını bildirib. Şəhid ailələrinə olan səmimi münasibətə və daim yanlarında olduqlarına görə rayon rəhbərinə və millət vəkilinə razılığını ifadə edib. 

Sonra icra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov bir-bir iftar süfrəsi açılmış stollara yaxınlaşaraq şəhid ailələri ilə görüşüb, səmimi ürək sözlərini bölüşüblər. 

GOYEZEN.AZ



Facebook-da paylaş