İcra başçısı şəhid ailələri ilə görüşüb
Bu gün müstəqil Azərbaycanda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili, vətəndaş məmnunluğu təşkil edir. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bunun bariz nümunəsidir.
Ölkə Prezidentinin, Birinci vitse-prezidentin şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman nümunə götürülür. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrini, yaralılarımızı, qazilərimizi ziyarət edir, qayğıları ilə maraqlanır, diqqət və qayğısını əsirgəmir. Şəhidlərimizin xatirəsini əziz tutmağı, onların ailə üzvlərinə qayğı göstərməyi fəaliyyətinin əsas hissəsi hesab edir. Rayon rəhbəri şəhidlərimizə, onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərir, problemləri ilə yaxından maraqlanır. Rayon rəhbərinin şəhid ailələrini günün istənilən vaxtında qəbul etməsi, onlar tərəfindən edilən müraciətlərə yerində baxması və həlli istiqamətində konkret tapşırıqlar verməsi bunun əyani sübutudur.
Fevralın 22-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 44 günlük Vətən müharibəsində iştirak edən və qazanılan Qələbədə payı olan oğullarımızdan -ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Qədir Əfəndiyevi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid gizir Sərxan Abdullayevin atası Elxan Abdullayevi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş şəhid baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibovu, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş şəhid gizir Amid Məmmədovun atası Müqabil Məmmədovu, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunmuş şəhid kiçik gizir Röyal Mədətovun anası Zərifə Cəlilovanı və qardaşı Taleh Mədətovu qəbul edib, onların qayğıları ilə maraqlanıb.
İcra aparatının məsul şəxslərinin, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayevin, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədovun iştirak etdiyi görüşdə şəhidlərimizə olan hörmət və ehtiram ifadə olunub. İllər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiramın, sevginin heç zaman dəyişməyəcəyi, əksinə daha da artacağı vurğulanıb. Nə qədər Azərbaycan xalqı var qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacaqları qeyd olunub.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlətin qayğısını, diqqətini Qazaxda hər zaman yüksək səviyyədə hiss etdiklərini dilə gətiriblər.
Facebook-da paylaş