• Təqvim

  • Maraq



İcra başçısı kəndlərdə arx və kanallarda aparılan təmizlik işləri ilə tanış olub


Bu gün tam əminliklə deyə bilərik ki, ölkəmizdə qeyri-neft sektoru dövlət siyasətinin prioritet sahələrindən biri təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan addımlar, dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstək sayəsində ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının durmadan inkişaf etməsi bunu söyləməyə əsas verir. Xüsusən də kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə kimi həm işsizliyin aradan qaldırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşmasında, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı sahə olması hər zaman əsas götürülür. 

Qazaxda bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsi də uğurla inkişaf etdirilir. Rayonda ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər rayon rəhbərliyinin bu sahəni daim diqqət mərkəzində saxlaması, icra başçısının tapşırığına əsasən hər il rayonda mövcud olan beton üzlüklü, eləcə də torpaq məcralı suvarma arx və kanalların təmir olunması, kol-kosdan, lildən təmizlənməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu sahədə əldə edilən uğurlar öz bəhrəsini verir. 

Qazax Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları və kənd sakinləri tərəfindən hər il həyata keçirilən ümumrayon işi bu il də davam etdirilir. Belə ki, 2023-2024-cü illərdə 344,75 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Bunun da 193,40 km-i texnika, 151,35 km-i əl əməyi ilə həyata keçirilir. Artıq xeyli vaxtdır ki, bütün kəndlərdə təmizlik işlərinə start verilib. Əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün arxlarda aparılan təmizlik işlərinin vacibliyini nəzərə alan Qazax Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları və kənd sakinləri bu işi ötən ildə olduğu kimi, bu il də optimal müddətdə başa çatdırmağı qarşıya məqsəd qoyublar. 

Fevralın 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov və digər aidiyyəti şəxslərlə birlikdə rayonun Qazaxbəyli, Çaylı, Kosalar kəndlərində olub, arx və kanallarda aparılan təmizlik işləri ilə yerində tanış olub. 

Rayon rəhbərinə görülmüş işlər barədə məlumat verilərək bildirilib ki, bu günə kimi ümumilikdə, 215,20 km-i texnika, 122,05 km-i əl əməyi ilə olmaqla, 337,25 km məsafədə təmizlik işləri həyata keçirilib, işlər sürətlə davam etdirilir.

Kəndlərdə arxlarda görülən işlərlə tanış olan rayon rəhbəri işlərin daha da sürətləndirilməsini və təmizlik işlərinin keyfiyyətlə aparılmasını bildirib. Bəzi tapşırıq və tövsiyələrini verib. İşlərdə yaxından iştirak edən kənd sakinləri ilə söhbət aparıb, onların fikirlərini dinləyib.

Kənd sakinləri bildiriblər ki, hər il arx və kanallarda həyata keçirilən bu ümumrayon işi Qazaxda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addımlardan biridir. Məhz bu işlərin nəticəsidir ki, əkin sahələrinin hektarı ildən-ilə artır, kəndli daha çox əkib-becərməyə can atır. Qeyd ediblər ki, ötən il aparılan təmizlik işlərinin nəticəsidir ki, builki işlər daha rahat şəkildə həyata keçirilir. Görülən bu işlər nəticəsində suyun ötürücülük gücünün artdığını, həm də su itkisinin qarşısının alındığını qeyd edən sakinlər istər ötən il, istərsə də bu ilin yazında aparılan bu təmizlik işlərini kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndiriblər.

Bütün kəndlərdə kəndlilər və təsərrüfatla məşğul olan insanlar əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması məqsədilə görülən bu işlərə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər. İcra başçısının onlarla görüşməsini, işlərlə yaxından tanış olmasını rayonda kənd təsərrüfatının inkişafına, xüsusilə də sadə kəndlilərə olan diqqət və qayğı kimi qiymətləndiriblər.

Məlumat üçün qeyd edək ki, 2016-2017-ci illərdə 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır ki, bunun da 153,99 km-i texnika, 120,79 km-i əl əməyi ilə həyata keçirilib. 2017-2018-ci illərdə 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür ki, 151,43 km-i texnika, 151,01 km-i əl əməyi ilə aparılıb. 2018-2019-cu illərdə 153,49 km-i texnika, 149,74 km-i əl əməyi ilə olmaqla, 303,23 km məsafədə təmizlik işləri görülüb. 2019-2020-ci illərdə əkin sahələrinin suvarılması məqsədilə 124,67 km-i texnika, 206,82 km-i əl əməyi ilə olmaqla, 331,49 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb. 2020-2021-ci illərdə işlər eyni qaydada həyata keçirilib. Bu məqsədlə 106,02 km-i texnika, 189,51 km-i əl əməyi ilə olmaqla, 295,53 km məsafədə arx və kanallarda təmizlik işləri yerinə yetirilib. 2021-2022-ci illərdə 347,60 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb ki, bunun da 163,30 km-nin texnika, 184,30 km-nin əl əməyi ilə həyata keçirilib. 2022-2023-cü illərdə 358,09 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb ki, bunun da 198,80 km-nin texnika, 159,29 km-nin əl əməyi ilə həyata keçirilib. Son 7 ildə 1051,70 km-i texnika, 1161,46 km-i əl əməyi ilə olmaqla, 2213,16 km məsafədə təmizlik işləri aparılıb. 

Qazaxbəyli kəndi

Çaylı kəndi

Kosalar kəndi

GOYEZEN.AZ



Facebook-da paylaş