Qazaxda yaz-tarla işlərinə hazırlıq vəziyyətinə dair və rayon ərazisində mövcud olan suvarma arxlarının təmizlənməsi ilə əlaqədar müşavirə keçirilib
Fevralın 12-də Qazax Rayon Suvarma Sistemləri İdarəsinin yaz-tarla işlərinə hazırlıq vəziyyətinə dair və rayon ərazisində mövcud olan suvarma arxlarının təmizlənməsi ilə əlaqədar müşavirə keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor əvəzi Elxan Vəkilov, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Rövşən Lətifov, RİH başçısının kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, Bələdiyyə sədrləri, Sudan İstifadə Birliklərinin (SİB) sədrləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən danışıb. Rayon rəhbəri hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafının dövlət siyasətinin prioritet sahələrindən biri olduğunu bildirib. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət nəticələrini göstərdiyini qeyd edib. Dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğunu qeyd edən icra başçısı aqrar sektorun həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Rayon rəhbəri qeyd edib ki, kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir. İcra başçısı son illər Qazaxda bütün sahələrlə yanaşı kənd təsərrüfatı sahəsinin də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Rayonda, eləcə də kəndlərdə kənd təsərrüfatı sahəsində olan mövcud vəziyyətdən və əldə olunan uğurlu göstəricilərdən söz açıb. Qeyd edib ki, bugünkü müşavirənin əsas məqsədi 2023-cü ildə kənd təsərrüfatı sahəsində əldə olunmuş nəticələrdən, bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açmaqla yanaşı, 2024-cü ildə qarşıda duran vəzifələrdən də danışmaqdır. Məqsəd ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı yürütdüyü məqsədyönlü siyasəti dəstəkləməkdir. Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına rayonda kənd təsərrüfatında əldə etdiyimiz göstəricilərlə öz töhfəmizi verməkdir.
Müşavirədə qeyd olunub ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda başqa sahələrə olduğu kimi kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri son illər bir neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır. Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlər sayəsində son illər əkin sahələrində xeyli sayda artım olmuşdur.
Bildirilib ki, 2016-cı ildə 16520,6 hektar sahədə əkin aparılmışdısa, 2024-cü ildə 20490,0 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. İllər üzrə olan fərqi müqayisə etdikdə aydın olur ki, rayonda kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulan məqsədə çatmaq üçün görülən işlər öz bəhrəsini verir. Bu inkişafın ən bariz nümunəsi isə rayonda əkilən taxıl sahəsidir. İldən-ilə artırılan taxıl sahələrinin hektarı onu göstərir ki, rayonda kənd təsərrüfatının əsas qolu olan taxılçılığa maraq yüksəlmiş və kəndlilər bu sahənin inkişafı üçün böyük səylə çalışırlar. Dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər.
2016-cı ildə 7820 hektar sahədə taxıl əkilmişdir ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2024-cü ildə 11315 hektar sahədə taxıl əkilmişdir ki, bunun 4477,0 hektarını buğda, 6838,0 hektarını arpa təşkil edir.
Müşavirədə Qazaxda kənd təsərrüfatının digər sahələri kimi, kartofçuluğun da ənənəvi sahələrdən biri hesab edildiyi vurğulanıb. Qeyd edilib ki, rayonda kartofçuluğun inkişaf etdirilməsi istiqamətində nümunəvi işlərin görüldüyünü ildən-ilə artan kartof sahələrinin hektarından, əldə edilən bol məhsuldan da aydın şəkildə görmək olar. İşçi qüvvəsi baxımından tələbatın çox olduğu bu sahə rayonda yeni iş yerlərinin açılmasında da böyük əhəmiyyət kəsb edir. Əgər 2016-cı ildə rayonda 433 hektar sahədən 10 min 205 ton kartof tədarük olunmuşdusa, 2023-cü ildə bu rəqəm 1300 hektara çatdırılmışdır. 867 hektar artıq sahədə kartof becərən kəndlilər həmin sahədən 45 min 500 ton məhsul əldə etmişdir. 2024-cü ildə də 1300 hektar sahədə kartof əkilməsi nəzərdə tutulmuşdur.
İcra başçısı rayon ərazisində suvarılan torpaq sahəsinin 18911 hektar olduğunu bildirib. 2385 hektarı həyətyanı, 15939 hektarı çöl pay torpağı olmaqla, 18324 hektar torpaq sahəsinin arx və nasoslar vasitəsilə suvarıldığını qeyd edib. 587 hektar torpaq sahəsinin isə subartezian quyuları vasitəsilə suvarıldığını, bunun da 431 hektarını həyətyanı, 156 hektarını çöl pay torpaq sahəsinin təşkil etdiyini bildirib. Hazırda rayonda 214 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu vurğulayıb.
Rayon rəhbəri bildirib ki, ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər bu sahənin daim diqqət mərkəzində saxlanması, hər il rayonda olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu sahədə əldə edilən uğurlar öz bəhrəsini verir. Son illər rayon ərazisindəki suvarma arxlarının təmizlənməsi sahəsində görülmüş işlərdən danışan icra başçısı statistik rəqəmləri diqqətə çatdırıb. Bildirib ki, 2016-2017-ci illərdə 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır ki, bunun da 153,99 km-i texnika, 120,79 km-i əl əməyi ilə həyata keçirilib. 2017-2018-ci illərdə 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür ki, 151,43 km-i texnika, 151,01 km-i əl əməyi ilə aparılıb. 2018-2019-cu illərdə 153,49 km-i texnika, 149,74 km-i əl əməyi ilə olmaqla, 303,23 km məsafədə təmizlik işləri görülüb. 2019-2020-ci illərdə əkin sahələrinin suvarılması məqsədilə 124,67 km-i texnika, 206,82 km-i əl əməyi ilə olmaqla, 331,49 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb. 2020-2021-ci illərdə işlər eyni qaydada həyata keçirilib. Bu məqsədlə 106,02 km-i texnika, 189,51 km-i əl əməyi ilə olmaqla, 295,53 km məsafədə arx və kanallarda təmizlik işləri yerinə yetirilib. 2021-2022-ci illərdə 347,60 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparıldığını, bunun da 163,30 km-nin texnika, 184,30 km-nin əl əməyi ilə həyata keçirildiyini bildirib. 2022-2023-cü illərdə 358,09 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparıldığını, bunun da 198,80 km-nin texnika, 159,29 km-nin əl əməyi ilə həyata keçirildiyini bildirib. Son 7 ildə 1051,70 km-i texnika, 1161,46 km-i əl əməyi ilə olmaqla, 2213,16 km məsafədə təmizlik işlərinin aparıldığını qeyd edib. 2023-2024-cü illərdə 344,75 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılmasının nəzərdə tutulduğunu, bunun da 193,40 km-nin texnika, 151,35 km-nin əl əməyi ilə həyata keçiriləcəyini bildirib. Bu günə kimi 204,75 km-i texnika, 63,70 km-i əl əməyi ilə olmaqla, 268,45 km məsafədə təmizlik işlərinin həyata keçirildiyini, işlərin sürətlə davam etdirildiyini vurğulayıb.
İcra başçısı əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. Əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün hər il olduğu kimi, bu il də suvarma arx və kanallarının təmizlənməsinin, mövcud suyun qənaətlə istifadə edilməsi üçün kəndlərdə gecə və gündüz olmaqla, növbəlilik cədvəlinin tərtib olunmasının vacibliyindən söz açıb. Mövcud arx və kanallarda təmizlik işlərinin aparılması ilə əlaqədar kənd sakinlərinin maarifləndirilməsinin, onların təmizlik işlərinin aparılması zamanı fəal iştirak etmələrinin vacibliyi qeyd edilib. Bunun üçün SİB-lərin üzərinə böyük məsuliyyət düşdüyü bildirilib.
Qarşılıqlı müzakirə və geniş fikir mübadiləsi şəraitində keçən müşavirədə Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov və başqaları keçirilən müşavirənin əhəmiyyətindən söz açıb, yaz-tarla işlərinin aparılmasında böyük rol oynayacağını qeyd ediblər. Respublikamızda iqtisadiyyatın böyük qolu olan kənd təsərrüfatının inkişaf etdirilməsinə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qazax rayonunda kənd təsərrüfatı sahəsində qazanılan uğurlu nəticələrə və göstərilən hər cür dəstəyə görə rayon rəhbərliyinə öz təşəkkürlərini çatdırıblar. Çıxış edənlər bildiriblər ki, bu gün əhalinin maddi rifah halının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsini həm də yeni iş yerlərinin yaradılması kimi qiymətləndiriblər. Qeyd ediblər ki, kəndlinin torpağa qayıdışının nəticəsidir ki, bu gün kənd təsərrüfatının bütün sahələrində uğurlu göstəricilər əldə edilir. Qazax rayonunda əkin sahələrinin ildən-ilə artması da bunun bariz nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq bildirib ki, bizim kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində gördüyümüz bütün işlər demək olar ki, proqramlı şəkildə davam etdirilir. Bu isə o deməkdir ki, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əməli işləri daha da artırmalıyıq. Ölkə başçısının yeni iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatının inkişafına yüksək təkan verməsindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən müsbət nəticə çıxararaq öz töhfəmizi verməliyik. Üzərimizə düşən işlərin öhdəsindən layiqincə gələrək bütün sahələrdə ön sırada dayanan Qazaxda kənd təsərrüfatı sahəsində də yüksək göstəricilərə nail olmalıyıq.
Sonda rayon rəhbəri əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün arxlarda aparılan təmizlik işlərinin vacibliyini vurğulayaraq bu işin ötən ildə olduğu kimi bu il də optimal müddətdə başa çatdırılmasını bildirib və bununla bağlı aidiyyəti üzrə tapşırıqlarını verib. Ən əsası da həyata keçirilən bütün işlərin kökündə vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını bir daha diqqətə çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş