Qazaxda Qərbi Azərbaycandan olan şairə Tamella Poladlının 70 illik yubileyi qeyd olunub
Qərbin qapısı kimi tanınan, sazın, sözün beşiyi sayılan Qazax eli həm də tarixi şəxsiyyətləri, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə səs salıb bütün aləmə. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda bu gün daha bir ziyalımızın, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Qərbi Azərbaycandan olan şairə Tamella Kamil qızı Budaqovanın (Tamella Poladlı) 70 illik yubileyi qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının birgə təşkilatçılığı ilə Ədəbiyyat Muzeyində keçirilən yubiley tədbirində Tamella Poladlının sözünə, şeiriyyətinə, poeziyasına, şəxsiyyətinə dəyər, qiymət verənlər yubilyara olan təbriklərini çatdırıblar. Şairənin yaradıcılığından söhbət açıb, ünvanına səmimi ürək sözlərini səsləndiriblər.
Yubiley tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, mədəniyyət, səhiyyə, təhsil işçiləri, yubilyarın ailə üzvləri, yaxınları, doğmaları, KİV nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca çıxış edərək iştirakçıları, rayon rəhbərliyini salamlayıb, şairə Tamella Poladlının 70 illik yubileyində görüşməkdən məmnunluq duyduğunu söyləyib, yubilyarın ünvanına səmimi ürək sözlərini çatdırıb. Yubilyar haqqında məlumat verən Y.Qoca bildirib ki, Tamella Kamil qızı Budaqova (Tamella Poladlı) 1953-cü il dekabr ayının 20-də Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Karvansara rayonunun Polad Ayrım kəndində ziyalı ailəsində dünyaya göz açıb. 1960-cı ildə Polad kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1969-cu ildə həmin məktəbin 8-ci sinifini əla qiymətlərlə bitirərək Qazax tibb məktəbinə qəbul olmuşdur. 1971-ci ildə Qazax tibb məktəbini fərqlənmə ilə bitirmişdir. 1972-ci ildə Polad-Salah kənd tibb məntəqəsində işə başlamışdır. 16 il iki kənddə patronaj, analara, körpələrə məsləhətçi, ambulator işçi kimi fəaliyyət göstərmişdir. 1988-ci ildə nankor qonşuların əli ilə zorla ata-baba yurdundan qovulmuş, Qazax şəhərində məskunlaşmışdır. Qazax rayonunda yaşadığı dövrdə Qazax Rayon Mərkəzi Xəstəxanasında rentgen-laborant vəzifəsində işləmişdir. Hazırda təqaüdçüdür. Ailəlidir, iki oğlu, beş nəvəsi var. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıdır. Gənc yaşlarından ədəbi yaradıcılıqla məşğuldur. Onun Vətən həsrəti, yurd yanğısı ilə yazdığı şeirlər doğma el-obasından didərgin düşmüş bütün insanların harayıdır. İlk şeiri “Mən elimin anasıyam” şeiridir. 1-ci şeiri “Göyəzən” qəzetində dərc edilmişdir. Şeirləri Ələddin İncəli və Heydar Qasımlı tərəfindən bəyənilmişdir. Bir neçə almanax və jurnallarda, dövri mətbuatda tez-tez şeirləri çap olunur. 1999-cu ildə çap edilmiş “Dayanam arxam Polada, yönüm Göyçəyə-Göyçəyə”, 2003-cü ildə çap edilmiş “Söz qatarım çıxıb yola”, 2018-ci ildə çap edilmiş “Qəlbimdə yaşayır o dağlar mənim” adlı kitabların müəllifidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il münasibətilə təbrik edib, xoş arzularını bölüşüb. Şairə Tamella Poladlını 70 illik yubileyi münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb, gələcək yaradıcılıq uğurları arzulayıb. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın saz-söz adamlarına, yazarlara, şairlərə, ziyalılara verdikləri dəyərdən, göstərdikləri diqqət və qayğıdan söz açan icra başçısı həmin qayğının Qazaxda yüksək səviyyədə hiss olunduğunu, ölkə başçısının Sərəncamı ilə tikilən və istifadəyə verilən Ədəbiyyat Muzeyini bunun bariz nümunəsi kimi göstərib. Fəaliyyətə başladığı ilk gündən bu amili hər zaman nümunə və örnək götürdüyünü qeyd edib. Ziyalı kəlməsinə, ziyalı sözünə hər zaman yüksək qiymət verdiyini vurğulayıb. Rayon rəhbəri sazın, sözün beşiyi sayılan, bütün döyüşlərdə igidlikləri ilə tarix yazan qəhrəman oğulların diyarı olan Qazaxda bu cür tədbirlərin keçirilməsinin artıq bir ənənə halını aldığını qeyd edib. İcra başçısı ürəyi daim doğma yurdu Qərbi Azərbaycanla döyünən şairənin Vətən həsrətini, niskilini öz şeirlərində də əks etdirdiyini söyləyib. Şairənin Vətən həsrətinə son qoyulacağı günün, doğma torpaqlarına qayıdacaqları günün elə də uzaqda olmadığını vurğulayıb. Rayonun ictimai həyatında yaxından iştirak edən dəyərli ziyalı, şairə, eyni zamanda, qayğıkeş ana kimi Tamella xanımn hər zaman gənc yazarlara nümunə olduğunu bildirib. Rayon rəhbəri sonda bir daha yubilyara yeni yaradıcılıq uğurları, möhkəm cansağlığı arzulayıb.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbirə toplaşanları salamlayıb, yubilyarı əlamətdar gün münasibətilə təbrik edib. Şairlərə, saz, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. “Ulu Öndər Heydər Əliyev söyləyirdi ki, mənəvi dəyərləri olmayan xalq xalq, dövlət dövlət deyil. Bugünkü tədbir bir daha onu göstərir ki, Qazaxda milli dəyərlərə çox böyük diqqət göstərilir, böyük ehtiram var. Bugünkü tədbirin keçirilməsi şairə Tamella Poladlının simasında dövləti dövlət edən mənəvi dəyərlərə xidmət edir”, - söyləyən şair bu gün Qazax rayonunda həmin qayğını yüksək səviyyədə hiss etdiyini bildirib. B.Vüsal ölkə rəhbərinin ziyalılara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin şahidi olduğunu dilə gətirib. Bugünkü yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz adından təşəkkürünü bildirib. “Bu gün hər birimizin bir niskili də var ki, bu, Qərbi Azərbaycandır. Biz bu niskli, yurd, el-oba həsrətini Tamella Poladlının yaradıcılığında, qələmə aldığı şeirlərdə də görürük. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun rəşadəti sayəsində doğma Qarabağımıza qayıtdığımız kimi, Qərbi Azərbaycana qayıdacağımız gün də uzaqda deyil, xalq olaraq buna çox ümid edirik. Öz söz dünyasını yaradan şairəmiz Tamella Poladlı, eləcə də Qərbi Azərbaycan həsrəti çəkən soydaşlarımız öz yurdlarına qayıdacaqlar”. B.Vüsal T.Poladlının şeirlərində Vətənə, doğma torpağa olan sevginin aydın şəkildə əks olunduğunu qeyd edib. Bundan sonra da hər zaman Vətən, torpaq, el-oba, qələbə, zəfər ruhlu şeirlər yazıb-yaratmağı arzu edib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialında ədəbi-məsləhətçi, Prezident mükafatçısı Mustafa Rasimoğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ilk növbədə təhsil, mədəniyyət sahəsində çalışan insanlara, şairlərə, yazarlara, yaradıcı adamlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, vətəndaşlara göstərdiyi qayğıya görə rayon rəhbərliyinə ziyalılar adından minnətdarlığını bildirib. Bugünkü yubiley tədbirinin həmin diqqət və qayğının davamı, ziyalılara olan hörmətin əyani göstəricisi olduğunu qeyd edib. “Tamella Poladlının şeirlərini oxuduqca onu daha yaxından tanıyaraq insani keyfiyyətlərinə, şəxsiyyətinə də bələd olmaq olar. Tamella xanımın şəxsiyyəti ilə yaradıcılığı bütövdür, tamdır. O, zona filialının ən fəal şairlərindən biri kimi hər zaman gənc yazarlara nümunədir”, - söyləyən natiq yubilyarı bir daha təbrik edib, onun ünvanına yazdığı şeiri səsləndirib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, şair Səhlədar Hidayətoğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yubilyara xoş arzularını, təbriklərini çatdırıb. “Tamella Poladlı hansı mövzuda yazırsa, yazın onun şeirlərində, hər misrasında, sözündə Vətən həsrəti əks olunub”, - söyləyən S.Hidayətoğlu tezliklə bu niskilinə son qoyulmasını arzulayıb, şairəyə yazdığı şeiri səsləndirərək bir daha təbrik edib.
Ekologiya idarəsinin işçisi, şairə Afət Telmanqızı çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şairəyə 70 illik yubileyi münasibətilə səmimi ürək sözlərini çatdırıb, sağlıqlı uzun ömür, yeni yaradıcılıq uğurları arzulayıb, şairənin yubileyi münasibətilə yazdığı şeiri səsləndirib.
Qazax Aşıqlar Birliyinin sədri Camoy Qurbanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yazarlara, saz-söz adamlarına verdiyi dəyərə görə rayon rəhbərliyinə razılığını ifadə edib. T.Poladlının şeirini səsləndirərək saz havası ilə təbrikini çatdırıb.
Şairənin nəvələri Yusif Budaqov nənəsinin qələmə aldığı şeiri səsləndirib, Bəhmən Budaqov isə ifa etdiyi saz havası ilə nənəsini təbrik edib.
Ürkməzli kənd sənətkarlıq evinin müdiri, şairə Gülsənəm Cəlilova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, T.Poladlının 70 illik yubileyinə yazdığı şeiri səsləndirərək öz təbriklərini ifadə edib.
Mərkəzi Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva çıxış edərək tədbir iştirakçılarını salamlayaraq yubilyar haqqında ürək sözlərini bölüşüb, ona uzun ömür, cansağlığı arzulayıb. T.Poladlının Vətən, yurd, el-oba yanğısı ilə qələmə aldığı şeirləri ilə öz yurdlarından didərgin düşmüş soydaşlarımızın niskilinə, həsrətinə, qəlb yarasına, eyni zamanda, uzun illər səhiyyə sahəsində çalışaraq xəstələrin dərdinə məlhəm olduğunu qeyd edib.
Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmməd Qocayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yubilyarın ünvanına xoş arzularını səsləndirib. Natiq çıxışında şairin yaradıcılığına nəzər yetirərkən saz və ney üstündə yazılmış şeirlərin dinləyicisi, oxucusu olduğumuzu söyləyib. Qəlbi Vətən həsrəti ilə döyünən şairəyə Qərbi Azərbaycana qayıtmağı, o doğma torpaqların azadlığına həsr olunmuş Zəfər müjdəli şeirlər yazmağı arzulayıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Nuranə Təbriz çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yubilyarın ünvanına xoş arzularını səsləndirib. Hər dəfə Qazaxa səfər edərkən müqəddəs ocağa, Ədəbiyyat Muzeyinə baş çəkdiyini söyləyib, bu gün də bu cür tədbirdə iştirak etməkdən məmnunluq duyduğunu qeyd edib. N.Təbriz şairənin qələmə aldığı “Ay qazaxlılar” şeirini səsləndirərək onun öz dilindən tədbir iştirakçılarına ürək sözlərini çatdırıb.
Şairə Asimə Hüseyn çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yubilyarın ünvanına səmimi təbriklərini və xoş arzularını çatdırıb. Şairəyə yazdığı şeiri ilə ürək sözlərini bölüşüb.
Birinci Qarabağ müharibəsi veteranı, şair Talib Rəhimli çıxış edərək tədbir iştirakçılarını salamlayıb, T.Poladlının 70 illik yubileyi münasibətilə xoş arzularını səsləndirib, bundan sonrakı ömrünü də mənalı, sağlam həyat dolu yaşamağı arzulayıb. “Qazaxım” şeirini səsləndirərək tədbirə xoş ovqat qatıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Bilal Qoca çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yubilyarın ünvanına xoş təbriklərini çatdırıb. Şairə T.Poladlının yaradıcılığından, qələmə aldığı şeirlədən söz açararaq ürək sözlərini bölüşüb.
Birinci Qarabağ müharibəsi şəhidi Fidat Məmmədovun bacısı Hicranə Məmmədova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, uzun illərdir tanıdığı şairə T.Poladlını 70 illik yubileyi münasibətilə təbrik edib. “T.Poladlı Vətəndə Vətən həsrətlidir. Onun şeirlərində, hər misrasında həsrəti, niskili görmək olur. Onun şeirlərini oxuyanda görmədiyimiz yurd yerlərinə xəyalən də olsa gedib ziyarət edirik. T.Poladlının şeirləri həm də laylalarımızı, oxşamalarımızı bizə xatırladır”, - söyləyən H.Məmmədova bundan sonra da daim yazıb yaratmağı, Qələbə, Zəfər ruhlu şeirləri ilə könülləri oxşamağı arzulayıb. Şəhid qardaşına yazdığı “Fidatın adını palıd daşıyır” şeirini səsləndirərək razılığını ifadə edib.
Mədəniyyət evinin əməkdaşı, aşıq Lütfiyyə Musayeva şairənin şeirini saz havası üstə təqdim edərək təbriklərini çatdırıb.
Yubilyar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, şairə Tamella Poladlı çıxış edərək ona göstərilən diqqətə, qayğıya, bugünkü yubiley tədbirinin təşkilinə görə rayon rəhbərliyinə öz adından və ailəsi adından minnətdarlığını bildirib. Bundan öncə keçirilən yubiley tədbirinə görə Mərkəzi Kitabxana Sisteminin rəhbərliyinə razılığını ifadə edib. Ünvanına xoş sözlər söyləyən, onu təbrik edən hər kəsə səmimi arzularını çatdırıb. Xankəndidə üçrəngli bayrağımızın asılması münasibətilə qələmə aldığı, nəvələrinə yazdığı şeirləri ilə tədbirə toplaşanların könlünü oxşayan şairə sonda bir daha razılığını ifadə edib.
Sonda yubilyara 70 illik yubileyi münasibətilə və rayonun ictimai həyatında fəal iştirakına görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub. İcra başçısı Fəxri Fərmanı və hədiyyəni təqdim edərək yubilyarın ünvanına bir daha səmimi ürək sözlərini çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş